Cəmiyyət

Bir ailənin bağça xərcləri neçə manatdır? — Araşdırma

Bir ailənin bağça xərcləri neçə manatdır? — Araşdırma

Məktəbəqədər təhsil müəssisələrinə tələbatın artması ilə özəl bağçaların sayı və təqdim etdiyi imkanların çeşidi də genişlənir. Valideynlər üçün isə əsas məsələlərdən biri övladlarının hansı şəraitdə təhsil alması ilə yanaşı, aylıq xərclərin məbləği və bu məbləğə hansı xidmətlərin daxil olmasıdır.

Demokrat.az özəl bağçalarda aylıq tarifləri və paketlərə daxil edilən xidmətləri araşdırıb.

Araşdırma zamanı məlum olub ki, özəl məktəbəqədər müəssisələrdə tariflər uşağın yaşına, seçilən bölməyə, gün ərzində qalma müddətinə və təqdim olunan imkanlara görə fərqlənir. Tam və yarım günlük qruplar arasında da nəzərəçarpacaq məbləğ fərqi müşahidə olunur.

Hazırda bəzi bağçalarda tam gün, yəni təxminən 08:00-dan 18:00-dək davam edən proqramların aylıq haqqı 350-600 manat arasında dəyişir. Yarım günlük qruplarda isə bu məbləğ bəzi müəssisələrdə 250 manatdan başlayır. Məktəbəqədər hazırlıq qruplarında daha münasib tariflərə rast gəlinir və bəzi yerlərdə aylıq ödəniş 150 manatdan başlayır.

Məsələn, bəzi müəssisələrdə standart paket üzrə aylıq haqq 500 manat, daha geniş imkanları əhatə edən "hər şey daxil" paket isə 600 manat təşkil edir. Həmin müəssisələrdə 1-2 yaşlı uşaqlar üçün ayrıca körpələr qrupu fəaliyyət göstərir. 2-3, 4-5 və 5-6 yaş kateqoriyalarında Azərbaycan və rus bölmələri, bəzi yaş qruplarında isə ingilis dili üzrə tədris də təklif olunur. 5-6 yaşlı uşaqlar üçün məktəbə hazırlıq qrupları, 6-10 yaş aralığında isə uzadılmış gün qrupları fəaliyyət göstərir. Sonuncu qruplarda aylıq tarifin 300 manat olduğu bildirilir.

Digər müəssisələrdə isə tam günlük proqram 08:00-18:00 saatları üçün 350 manat, yarım günlük qrup isə 08:00-14:00 aralığında 250 manatdır. Məktəbəqədər hazırlıq üçün aylıq məbləğ 150 manat təşkil edir. Bu tarifə inkişafetdirici məşğələlər, oyunlar, ingilis dili dərsləri, qidalanma, gəzintilər və müxtəlif ustad dərsləri daxil edilə bilər.

Bəzi məktəbəqədər müəssisələrdə isə paketə gündə beş dəfə qidalanma, uşaqların onlayn izlənməsi, ustad dərsləri, müxtəlif dərnəklər, gimnastika, rəqs və musiqi məşğələləri, eləcə də hər gün bir saat ingilis dili dərsi daxildir. Bu tip müəssisələrdə aylıq tariflər seçilən bölməyə görə də fərqlənir. Azərbaycan bölməsi üzrə aylıq məbləğ 350 manat, rus və ingilis bölmələri üzrə isə 400 manatdır. Qeydiyyatın müəyyən müddət ərzində aparılması şərti ilə güzəştlərin tətbiq edildiyi də bildirilir. Yaş həddi isə bəzi müəssisələrdə 1 yaş 7 aydan, digərlərində 1 yaş 6 aydan başlayır.

Araşdırma zamanı daha münasib tariflərə də rast gəlinib. Belə ki, bəzi bağçalarda aylıq haqqın standart məbləğinin 180 manat olduğu, hazırda isə endirim çərçivəsində 150 manata təklif edildiyi bildirilib.

Beləliklə, təqdim olunan məlumatlar göstərir ki, özəl məktəbəqədər təhsil müəssisələrində vahid tarif sistemi mövcud deyil. Aylıq məbləğ əsasən uşağın yaşından, Azərbaycan, rus və ya ingilis bölməsinin seçilməsindən, tam və ya yarım günlük rejimdən, həmçinin qidalanma, dərnəklər, dil məşğələləri, kamera vasitəsilə onlayn izləmə və digər imkanların paketə daxil olub-olmamasından asılı olaraq dəyişir.

Ümumilikdə, araşdırmaya daxil edilən müəssisələrdə tam günlük proqramlar üzrə aylıq tariflər əsasən 350-600 manat aralığındadır. Yarım günlük qruplarda bu rəqəm təxminən 250 manat, məktəbəqədər hazırlıq proqramlarında isə 150 manat civarından başlayır. Daha geniş xidmət paketləri və xarici dil bölmələri seçildikdə isə aylıq xərc artır.

FH
Fidan Hacızadə
Müxbir