Sumqayıt şəhərində 36 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində baş verib. 1990-cı il təvəllüdlü Taleh qeyri-rəsmi münasibətdə olduğu Təranə (adlar şərtidir – red.) ilə mübahisə edib. Aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı o, qadının sağ gözaltı nahiyəsinə vuraraq ona xəsarətlər yetirib.
Talehin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Taleh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə vaxtı əsəbi olub:
"Təranə ilə aramızda mübahisə yarandı. İstəmədən ona zərər yetirdim. Təranə ilə əvvəllər də aramızda mübahisə yaranıb, iş məhkəməyə göndərilib və aramızda barışıq əldə olunub. Hazırda da zərərçəkmiş şəxslə barışmışam".
Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, qeyri-rəsmi yaşadığı Təranə ilə təxminən 1 il 6 aydır birlikdə yaşayır:
"Bu vaxt ərzində Təranə dəfələrlə mənimlə əsassız yerə mübahisələr edib. Mübahisə zamanı ünvanıma nalayiq ifadələr işlətdiyi üçün bundan əsəbiləşdim və onunla dava edirdim. Sonuncu dəfə məlum hadisə günü, axşam saat 22 radələrində Təranə zəng edərək məni evə çağırdı. Mən onun bir neçə dəfə zəng etməsindən sonra evə getdim. Evdə olarkən o, mənə öz rəsmi arvadımdan boşanmağımı və onunla daimi yaşamağımı istədi. Mən isə belə bir şey etməyəcəyimi bildirdim. Bundan sonra o, qışqıraraq danışmağa başladı və mübahisə yarandı. Mübahisə zamanı Təranə ünvanıma nalayiq formada təhqirlər işlətməyə başladı. Mən evdən çıxmaq istəyərkən yenə məni təhqir etdi. Bundan əsəbiləşib əlim ilə onun sağ qaş nahiyəsinə zərbə endirdim. Bundan sonra evdən getdim".
İş üzrə zərərçəkmiş Təranənin sözlərinə görə, Talehlə 2024-cü ildən etibarən bir-birilərini tanıyırlar:
"Bizim aramızda rəsmi nikah olmasa da, qeyri-rəsmi münasibətdəyik. Taleh qısqanc olduğu üçün aramızda yaşadığımız ünvanda tez-tez mübahisələrimiz baş verib. Sonuncu dəfə isə məlum hadisə günü, təxminən saat 23.00 radələrində Taleh yenidən yaşadığım evə gəldi. O, həmin yerə gəldikdən sonra aramızda olan münasibətin pozulması barədə mübahisə etməyə başladı. Bundan sonra da ona öz iradımı bildirdim. Həmin anda sifət və sağ qaş nahiyəmdən əli ilə zərbə endirərək məni döyməyə başladı".
Daha sonra zərərçəkmiş şəxs ifadəsində təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın tam ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib.
Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Taleh 1000 manat məbləğində cərimə cəzasına məhkum edilib.
Fariz Məlikli


