Region

Sərhədi keçən əsgərimizə görə - Ermənistanda istefalar başladı

Sərhədi keçən əsgərimizə görə - Ermənistanda istefalar başladı

Ermənistanın Müdafiə Nazirliyində və digər güc strukturlarında yeni istefalar gözlənilir.

Demokrat.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, buna səbəb Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayevin Ermənistan ərazisinə keçməsidir.

Belə ki, Azərbaycan hərbçisinin Sünik vilayətinin Şaki kəndinin ərazisində saxlanılmasından bir neçə gün sonra Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktor müavini general-mayor David Sanamyan vəzifəsindən azad edilib. Onun istefasının rəsmi səbəbi açıqlanmasa da, Ermənistan mətbuatı qərarı məhz sərhəddə baş vermiş hadisə ilə əlaqələndirir.

Nəşr iddia edib ki, istefalar təkcə MTX ilə məhdudlaşmayacaq. Məlumata görə, bu hadisə təkcə Ermənistan MTX-nin deyil, həm də Müdafiə Nazirliyi daxil olmaqla bütün hüquq-mühafizə və güc strukturları ilə bağlı çatışmazlıqları ortaya çıxarıb. Belə ki, dövlət sərhədinin pozulması barədə məlumat alındıqdan sonra bütün müvafiq qurumlar əlaqəli şəkildə hərəkət etməli, ərazini mühasirəyə almalı və müəyyən radiusda axtarış aparılmalı idilər. Lakin iddia olunur ki, qeyd olunanların heç biri həyata keçirilməyib. Mənbələrin məlumatın görə, bu səbəbdən yaxın vaxtlarda Ermənistanın Müdafiə Nazirliyində və yaranmış fövqəladə vəziyyətə lazımi qaydada reaksiya göstərmədikləri iddia olunan digər strukturlarda da istefaların baş verəcəyi gözlənilir.

Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmət keçən Musayev Nəsimi Rasim oğlunun sentyabrın 26-sı xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar onun axtarışına başlanılıb.

Həyata keçirilən tədbirlər nəticəsində Nəsimi Musayevin Ermənistan ərazisində olduğu və aidiyyəti orqanlar tərəfindən saxlanıldığı müəyyən edilib. O, həmin ölkədə 2 ay müddətinə həbs olunub.