Özəl

Bu məhsullar bahalaşacaq — Açıqlama

Bu məhsullar bahalaşacaq — Açıqlama

Yumurtanın qiymətində müşahidə olunan artım istehlakçıların diqqətini çəkir. Yumurtanın gündəlik tələbat məhsulu olması qiymət dəyişiminin bazardakı digər məhsullara mümkün təsirlərini də gündəmə gətirir.

Yumurtanın bahalaşmasının əsas səbəbləri nələrdir? Bu artım dolayısı ilə hansı məhsulların qiymətinə təsir göstərə bilər?

İqtisadçı Razi Abasbəyli Demokrat.az-a açıqlamasında bildirib ki, bu il ölkəmizdə yaz və yay aylarında hava şəraitinin iqlim normasından fərqli olması, xüsusilə yağıntıların həddindən artıq çox düşməsi səpin dövründə quşçuluq təsərrüfatları üçün lazım olan yemlik sahələrə ciddi ziyan vurub:

Bu məhsullar bahalaşacaq — Açıqlama

"Gözlənilən proqnoz ondan ibarət idi ki, payız aylarında tədarük göstəriciləri artıq aşağı düşəcək. Gözlənildiyi kimi də oldu. Yerli sahələrdən tədarük edilən, xüsusilə dənli bitkilərin həcmində azalmalar müşahidə olunmağa başladı. Bu tendensiya illərdir davam edir və ildən-ilə Azərbaycanda quşçuluq təsərrüfatları üçün lazım olan yem təminatında çətinliklər yaranır. Eyni zamanda, dünya bazarındakı daşınma və logistika problemləri, qiymət artımları xaricdən gətirilən məhsullardan asılı olan quşçuluq təsərrüfatlarının xərclərini artırır. Üstəlik, nəzərə almaq lazımdır ki, Azərbaycanda dizel yanacağının qiyməti bahalaşdırılıb. Dizel yanacağının qiymətinin ilin əvvəlində artırılması yerli istehsalçıların xərclərini də yüksəldib".

İqtisadçı qeyd edib ki, xüsusilə payız və qış aylarında xərclərin yüksəlməsi nəticəsində qiymətlərin də artması gözləniləndir:

"Bu baxımdan, quşçuluq təsərrüfatlarının xərclərinin artması nəticə etibarilə bazarda qiymətlərin yüksəlməsinə gətirib çıxarır. Təkcə yem təminatında deyil, eyni zamanda baytarlıq xidmətləri və dərman preparatlarının təminatında da çətinliklər var. İnfrastruktur xərcləri də artıb. Bu səbəbdən qiymət artımının baş verəcəyi gözlənilən idi. Xaricdən idxaldan asılılıq isə bahalaşma prosesini bir qədər də sürətləndirib. Digər bir məqamı da nəzərə almaq lazımdır ki, Azərbaycanda əhalinin yaşayış səviyyəsi aşağı düşdükcə, mal və qoyun əti alma imkanları azaldıqca insanlar quş ətinə və yumurta kimi daha ucuz qida məhsullarına üz tuturlar, həmin məhsullardan daha çox istifadə etməyə başlayırlar. Tələbat artdığına görə qiymətlərin yüksəlməsi də bazarın təbii xüsusiyyətidir. Məhz bu meylin davam edəcəyi gözlənilir. Yumurtanın bahalaşması, ilk növbədə, şirniyyat istehsalçılarının xərclərini artıracaq və nəticədə şirniyyat və qənnadı məhsullarının qiymətlərində də bahalaşma baş verə bilər. Hökumət dəstək proqramları hazırlamalıdır. Mövcud şərait təhlil edilməli və qiymətləndirilməlidir. Xüsusilə quşçuluq təsərrüfatlarının xərclərinin azaldılması istiqamətində ciddi maliyyə dəstəyi proqramları həyata keçirilməlidir ki, belə strateji məhsulların qiyməti kəskin artmasın və nəticədə vətəndaşların xərcləri də yüksəlməsin".

FH
Fidan Hacızadə
Müxbir