Ukraynadan İtaliyaya taxıl daşıyan "Royad Məmmədov" yük gəmisi Qara dənizdə Rusiyanın PUA hücumuna məruz qalıb.
Dünən baş verın hadisə nəticəsində gəminin kapitanı Rüstəm Həsənov və və aşpaz Məhəmməd Süleymanzadə həlak olub, ekipajın daha 13 üzvü yaralanıb.
PALMALI şirkəti bu gün vurulan gəmi ilə bağlı məlumat yayıb:
Bildirilib ki, 5 oktyabr 2026-cı ildə PALMALI Şirkətlər Qrupu tərəfindən istismar olunan "Royad Məmmədov" gəmisi Ukraynanın İzmail limanından İtaliyanın Ravenna limanına gedərkən Rumıniya sahillərində, Qara dənizdə pilotsuz təyyarə tərəfindən hücuma məruz qalıb.
Hücumdan sonra gəmidə yanğın baş verib və heyət üzvlərinin təxliyəsi üçün xilasetmə əməliyyatları aparılıb.
"Bu faciəli hadisə nəticəsində iki dənizçimizin itkisinə görə dərin kədər hissi keçiririk. Digər heyət üzvlərimiz təhlükəsiz şəkildə təxliyə edilərək təhlükəsiz əraziyə gətirilib.
Həlak olan dənizçilərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. PALMALI Şirkətlər Qrupu mərhum dənizçilərimizin ailələri ilə birlikdədir. Onlara bütün lazımi dəstəyi göstəririk və ehtiyaclarını ödəmək üçün səylə çalışırıq. Hadisə ilə bağlı proses müvafiq orqanlarla əlaqələndirilərək yaxından izlənilir", - deyə bildirilib.
Modern.az saytı həlak olan gəmi kapitanı Rüstəm Həsənovun şəklini təqdim edir.
O, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin 3-cü dərəcəli kapitanı rütbəsinə malikdir. (Modern.az)


