Özəl

Karyeranı korlayan əsas səhvlər açıqlandı

Karyeranı korlayan əsas səhvlər açıqlandı

İş həyatında daha yaxşı maaş, karyera yüksəlişi və yeni imkanlar axtarışı insanları tez-tez iş yerini dəyişməyə sövq edir. Lakin iş yerinin davamlı dəyişdirilməsi bəzən peşəkar inkişafla yanaşı, karyera tarixçəsinə də təsir göstərə bilər.

Bəs iş yerini tez-tez dəyişmək karyeraya necə təsir edir? İnsan hansı hallarda iş yerini dəyişməli, hansı hallarda isə mövcud işində qalaraq inkişaf etməyə çalışmalıdır?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında insan resursları üzrə ekspert Aytən Şıxalıyeva bildirib ki, iş yerini tez-tez dəyişmək özlüyündə mənfi göstərici deyil.

Karyeranı korlayan əsas səhvlər açıqlandı

Onun sözlərinə görə, hər keçid yeni bacarıq, daha geniş məsuliyyət və peşəkar irəliləyiş gətirirsə, karyeranı gücləndirə bilər:

"Lakin ardıcıl qısa iş dövrləri konkret nailiyyətlərlə müşayiət olunmadıqda, işəgötürəndə namizədin davamlılığı və başladığı işi nəticəyə çatdırması barədə suallar yarana bilər. İş yerinin tez-tez dəyişdirilməsinin dəyərlənməsində işdə qalma müddətindən daha çox, keçidlərin səbəblərinin və qazanılmış təcrübənin qiymətləndirilməsi xüsusilə önəmlidir. İnsanın neçə qurumda işləməsindən daha önəmli, çalışdığı qurumlarda nə öyrənməsi və hansı nəticəni yaratması əsas meyar hesab edilir. İxtisar, müddətli müqavilə və layihənin tamamlanması kimi səbəbləri də nəzərə almadan namizədi "qeyri-sabit" adlandırmaq düzgün olmaz. Burada təcrübənin genişliyi ilə dərinliyi arasındakı balans da nəzərə alınmalıdır. Müxtəlif qurumlarda işləmək fərqli idarəetmə modellərini və iş proseslərini öyrənməyə imkan verir. Eyni zamanda, bəzi peşəkar bacarıqlar layihəni başdan sona idarə etmək, qərarların uzunmüddətli nəticələrini görmək və onların məsuliyyətini daşımaqla formalaşır. Xüsusilə rəhbər vəzifələrdə yalnız dəyişikliyi başlatmaq deyil, onun davamlı nəticəsini göstərə bilmək də əhəmiyyətlidir. Digər tərəfdən, uzun müddət eyni qurumda qalmaq da avtomatik olaraq inkişaf demək deyil. İnsan illərlə eyni işi görüb yeni bacarıq qazanmırsa, onun əmək bazarındakı imkanları məhdudlaşa bilər. Buna görə karyeranı qiymətləndirərkən həm keçidlərin, həm də qalmağın peşəkar inkişaf baxımından nə qazandırdığına baxmaq lazımdır. Namizəd də müsahibədə hər keçidin səbəbini, əldə etdiyi nəticələri və yeni vəzifə ilə əlaqəsini aydın izah etməyi bacarmalıdır.

İnkişaf imkanları tükənibsə, əməyin qarşılığı ilə məsuliyyət arasında davamlı uyğunsuzluq varsa, iş mühiti insanın rifahına və peşəkar dəyərlərinə zərər verirsə, daim psixoloji gərginlikdə çalışırsa, dəyişiklik əsaslı seçimdir. Xüsusilə problemlər açıq müzakirə olunduğu halda həll üçün real addımlar atılmırsa, qalmaq qərarına yenidən baxmaq lazımdır. Ədalətli münasibət, rifah və çeviklik əməkdaşların o qurumda qalmasına təsir edən mühüm amillərdir".

Aytən Şıxəliyeva əlavə edib ki, çətinlik müvəqqəti adaptasiya ilə bağlıdırsa, rəhbərlə konstruktiv dialoq və yeni layihə, təlim, daxili keçid imkanları varsa, mövcud işdə inkişaf etməyə çalışmaq məqsədəuyğundur:

"İnkişafı yalnız vəzifə yüksəlişi ilə ölçmək də doğru olmaz. Daha mürəkkəb layihədə iştirak, yeni sahədə təcrübə, mentor dəstəyi və qərarvermədə daha çox səlahiyyət insanın peşəkar imkanlarını genişləndirə bilər. Əsas məsələ bu imkanların real olması və əməkdaşın gələcək karyera məqsədlərinə xidmət etməsidir. Ayrılmaq qərarında isə mövcud işin çatışmazlıqları ilə yanaşı, yeni işin şərtləri də diqqətlə qiymətləndirilməlidir. Daha yüksək maaş vacib üstünlükdür, lakin iş yükü, rəhbərin idarəetmə yanaşması, təşkilatın sabitliyi və inkişaf imkanları ilə birlikdə nəzərdən keçirilməlidir. İnsan özündən soruşmalıdır: "Yeni iş hazırkı problemimi həll edəcəkmi və mənə hansı konkret inkişaf imkanını verəcək?" İş dəyişikliyi qərarı yalnız uğursuz keçən bir günün emosiyası ilə deyil, əvvəlcə konkret addımları və müddəti olan inkişaf planı razılaşdırıb, sonra vədlərə deyil, faktiki dəyişikliklərə baxaraq verilməlidir.

Bununla belə, alçaldıcı münasibət, təzyiq və təhlükəli iş şəraiti kimi ciddi hallarda inkişaf planını gözləmək əsas şərt sayılmamalıdır. Qalmaq qərarı insanın öyrənmək və vəziyyəti yaxşılaşdırmaq imkanına söykənməli, yalnız dəyişiklik qorxusundan qaynaqlanmamalıdır".