Böyük planınızı dostunuza danışdınız və onun təbrikini aldınız. Lakin bundan sonra həmin işi görmək həvəsiniz azaldısa, bunun psixoloji səbəbi ola bilər. Mütəxəssislərin fikrincə, planı əvvəlcədən başqaları ilə bölüşmək insanda məqsədə artıq çatdığına dair yanlış hiss yarada bilər.
Demokrat.az xəbər verir ki, bəzən böyük həvəslə başladığımız işləri sonradan yarımçıq qoyuruq. Psixoloqlar bunun səbəblərindən birinin hədəfləri həyata keçirməzdən əvvəl başqalarına danışmaq olduğunu bildirirlər.
Demokrat.az xəbər verir ki, Nyu-York Universitetinin professoru Piter Qolvitserin araşdırmasına əsasən, insan planını başqaları ilə paylaşdıqda və bunun qarşılığında müsbət reaksiya aldıqda, beynində məqsədə artıq nail olduğu hissi yarana bilər.
Bu vəziyyət isə ilkin motivasiyanın zəifləməsinə və görüləcək işlərin təxirə salınmasına gətirib çıxara bilər. Yəni insan real nəticə əldə etmədən, sosial təsdiqdən müəyyən məmnunluq qazanır.
Digər problem isə planı həddindən artıq düşünməkdir. Mütəxəssislər bunu psixologiyada "analiz iflici" adlandırırlar. İnsan mümkün ssenariləri və maneələri çox düşündükdə qərar vermək və konkret addım atmaq çətinləşə bilər.
Psixoloqlar məqsədlərə çatmaq üçün onları konkretləşdirməyi və böyük hədəfləri daha kiçik mərhələlərə bölməyi məsləhət görürlər. Məsələn, "idmana başlayacağam" demək əvəzinə, konkret gün və saat müəyyənləşdirərək ilk məşqi planlaşdırmaq daha effektiv yanaşmadır.
Bu səbəbdən böyük hədəfləri hər kəsə əvvəlcədən elan etməkdənsə, diqqəti birbaşa fəaliyyətə yönəltmək və nəticəni ortaya qoymaq daha faydalı ola bilər.
Jalə


