Azərbaycanda işlənmiş avtomobil bazarında alıcıları gözləyən əsas risklərdən biri maşının real texniki vəziyyətinin satış zamanı olduğu kimi təqdim edilməməsidir. Bəzi satıcılar avtomobilin qüsurlarını açıq şəkildə bildirmək əvəzinə, müxtəlif ifadə və bəhanələrlə alıcını inandırmağa çalışırlar.
Bəs alverçilərin ən çox istifadə etdiyi bu ifadələrin arxasında hansı məqamlar gizlənə bilər? Hansı sözlər avtomobilin qəza tarixçəsinin, texniki nasazlıqlarının və ya digər qüsurlarının alıcıdan gizlədildiyinə işarə edir? Avtomobil almaq istəyənlər hansı məqamlara xüsusi diqqət yetirməlidirlər?
Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Raqif Raufoğlu bildirib ki, Azərbaycanda işlənmiş avtomobil bazarında alıcıları inandırmaq üçün istifadə olunan bəzi ifadələr artıq bir növ satış ənənəsinə çevrilib.

Onun sözlərinə görə, avtomobil satışa çıxarılanda onun vəziyyətini izah etmək üçün tez-tez "yüngül qəza keçirib", "sadəcə bir yeri dəyib", "xanım sürüb", "sahibi müəllim adamdır, maşını səliqəli saxlayıb" kimi təqdimatlardan istifadə olunur:
"Bəzən avtomobilin sahibinin onu ikinci maşın kimi saxladığı, əsas nəqliyyat vasitəsinin başqa olduğu və bu avtomobildən çox az istifadə edildiyi də xüsusi olaraq vurğulanır. Bütün bunlar isə potensial alıcıda maşının yaxşı vəziyyətdə olması ilə bağlı müsbət fikir formalaşdırmağa xidmət edir. Halbuki avtomobilin necə təqdim olunması onun real texniki vəziyyətinin göstəricisi deyil. Bəzi hallarda ciddi yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş, hətta əsas konstruktiv hissələrində problemlər yaranmış avtomobillər müxtəlif təmir işlərindən sonra yenidən satışa çıxarılır. Bandakı zədələr aradan qaldırılır, salon kimyəvi təmizləmədən keçirilir, köhnəlmiş və ya zədələnmiş detallar dəyişdirilir. Nəticədə əvvəllər olduqca bərbad vəziyyətdə olan avtomobil zahirən səliqəli və baxımlı görünüş alır. Ən təhlükəli məqam isə alıcının avtomobilin əvvəlki vəziyyəti haqqında məlumat əldə edə bilməməsidir. Çünki avtomobili ilk dəfə görən şəxs onun hansı qəzalardan keçdiyini, hansı detallarının dəyişdirildiyini və təmir zamanı hansı işlərin görüldüyünü yalnız xarici görünüşünə əsasən müəyyən edə bilməz. Bəzən avtomobil alındıqdan və müəyyən müddət istifadə edildikdən sonra gizlədilmiş texniki nasazlıqlar üzə çıxır. Bu isə yeni sahib üçün həm əlavə xərc, həm də təhlükəsizlik baxımından ciddi risk yaradır. Digər tərəfdən, satıcıların istifadə etdiyi "yüngül zədədir" və ya "maşın çox səliqəli sürülüb" kimi ifadələr alıcının diqqətini avtomobilin əsas texniki göstəricilərindən yayındıra bilər. Halbuki avtomobilin real vəziyyətini müəyyənləşdirmək üçün onun mühərriki, sürətlər qutusu, asqı sistemi, kuzov elementləri, təhlükəsizlik yastıqları və qəza tarixçəsi ayrıca yoxlanılmalıdır".



