Ay bu gün Günəş sisteminin ən böyük planeti olan Yupiterin qarşısından keçərək onu təxminən bir saatlıq görünməz edib.
Demokrat.az xəbər verir ki, astronomiyada "örtülmə" adlandırılan bu nadir hadisə zamanı Yupiter Ayın arxasında qalıb. Lakin səma hadisəsini dünyanın hər yerindən müşahidə etmək mümkün olmayıb.
Hadisə zamanı Ayın yalnız təxminən 20 faizi işıqlanmışdı və o, nazik hilal formasında görünürdü. Yupiter Ayın kənarına yaxınlaşdıqdan sonra onun arxasında itib, təxminən bir saat sonra isə yenidən ortaya çıxıb. Teleskopla müşahidə edənlər planetin kiçik disk şəklində göründüyünü, tamamilə yoxa çıxmasının isə təxminən bir dəqiqə çəkdiyini müşahidə edə biliblər.
Bu hadisəni izləmək üçün teleskop mütləq şərt olmayıb. Lakin durbin və ya kiçik teleskop vasitəsilə görüntünü daha aydın və təsirli müşahidə etmək mümkün olub.
Azərbaycandan niyə görünmədi?
"In-The-Sky.org" məlumatına görə, Yupiterin Ay tərəfindən örtülməsi oktyabrın 6-da UTC ilə saat 10:16 radələrində baş verib. Bu isə Bakı vaxtı ilə təxminən 14:16-ya uyğun gəlir.
Hadisə gündüz saatlarına təsadüf etdiyindən Azərbaycandan və ümumilikdə regiondan onu müşahidə etmək mümkün olmayıb.
Nadir astronomik hadisəni ən yaxşı şəkildə ABŞ-ın şərq və mərkəzi hissələri, Kanada və Karib hövzəsində yaşayanlar izləyə biliblər. Afrikanın bəzi bölgələrində isə örtülmə gündüz saatlarında baş verib.
Hadisənin müşahidə olunmadığı ərazilərdə Yupiter tamamilə yoxa çıxmayıb, sadəcə Ayın kənarına çox yaxın parlaq nöqtə kimi görünüb.
Şimali Amerikadan növbəti Yupiter örtülməsinin isə 27 noyabr 2037-ci ildə müşahidə ediləcəyi bildirilir.

Jalə


