Kriminal

46 yaşlı kişi arvadını döydü, qadın bağışladı

46 yaşlı kişi arvadını döydü, qadın bağışladı

Bakının Nəsimi rayonunda 46 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayon ərazisində beşmərtəbəli binalardan birinin qarşısında baş verib.

Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Əflatun həmin ərazidə keçmiş həyat yoldaşı Zahirə (adlar şərtidir – red.) ilə mübahisə edib.

İstintaq sənədlərinə görə, aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı 46 yaşlı kişi keçmiş həyat yoldaşının sifət nahiyəsinə iki dəfə qəsdən sağ əli ilə zərbələr vuraraq ona xəsarətlər yetirib.

Faktla bağlı Əflatunun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əflatun özünü ittiham üzrə təqsirli bilib, zərərçəkmiş şəxslə barışdığını söyləyib. İş üzrə zərərçəkmiş şəxs də təqsirləndirilən şəxsin dediklərini təsdiq edib. O, keçmiş əri ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirib.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.

Fariz Məlikli