"Qalatasaray"dan ayrıldıqdan sonra klubsuz qalan Mauro İkardinin İstanbul klubuna qayıtmaq ehtimalı gündəmə gəlib.
Demokrat.az xəbər verir ki, "Hürriyet"in məlumatına görə, argentinalı hücumçu gələcəyi ilə bağlı "Qalatasaray"la yenidən danışıqlar aparmağa hazırlaşır.
İddiaya görə, İkardi transfer şərtləri ilə bağlı tələblərini aşağı salıb və "Qalatasaray"la danışıqlarda razılaşmaya açıqdır. Futbolçunun xüsusilə beynəlxalq qaytarılma prosesinin davam etdirilməsini istədiyi bildirilir.
Məlumata əsasən, İkardi qızları ilə birlikdə İstanbulda yaşamaq istəyir və bu səbəbdən "Qalatasaray"a qayıtmaqda israrlıdır. İddiaya görə, hakim argentinalı futbolçuya gələcəyi ilə bağlı qərar verməsi üçün 30 gün vaxt verib. Bu müddətdə qərar qəbul edilməyəcəyi təqdirdə Türkiyədəki beynəlxalq qaytarılma prosesinin qüvvədən düşə biləcəyi qeyd olunur.
İkardinin "Qalatasaray"a illik 3,5 milyon avro maaş qarşılığında özünü təklif etdiyi iddia edilir. Bununla belə, argentinalı ulduzun şərtlər uyğun olduğu halda illik 2 milyon avro maaşa da razı ola biləcəyi bildirilir.
Bu güzəştin əsas səbəbinin İkardinin qızlarını İstanbulda yanında saxlamaq və onlarla birlikdə yaşamaq istəyi olduğu vurğulanır.
Digər tərəfdən, futbolçunun yaşadığı zədənin də gələcəyi ilə bağlı problem yaratdığı qeyd olunur. İddiaya görə, zədə səbəbindən İkardinin bəzi klublarda tibbi müayinədən keçməsi və futbol oynamağa yararlı olduğuna dair rəy alması çətinləşib.
Bütün bu amillərin fonunda İkardinin "Qalatasaray"a qayıtmaq üçün maliyyə baxımından ciddi güzəştə getməyə hazır olduğu və əsas prioritetinin İstanbulda qızları ilə birlikdə yaşamaq olduğu bildirilir.
Jalə


