Türkiyədə 6 fevral zəlzələlərindən sonra Ahbap dərnəyi vasitəsilə toplanan ianələrin aqibəti ilə bağlı araşdırmada 5-ci dalğa əməliyyatı keçirilib.
Demokrat.az-ın məlumatına görə, Türkiyənin ədliyyə naziri Akın Gürlek bildirib ki, İstanbul mərkəzli olmaqla 20 vilayətdə 53 şübhəlinin saxlanılması üçün eyni vaxtda əməliyyat təşkil edilib. Əməliyyatın müfəttiş hesabatları, xüsusi audit sənədləri, dərnəyin maliyyə və inventar qeydləri, bank əməliyyatları, ekspertiza nəticələri və bəzi şübhəlilərin ifadələri əsasında aparıldığı açıqlanıb.
Araşdırmaya görə, 6 fevral–31 dekabr 2023-cü il tarixləri arasında zəlzələdən zərərçəkənlərə yardım məqsədilə ümumilikdə 4,3 milyard türk lirəsi ianə toplanıb. Bu vəsaitin 4,2 milyard lirəsinin xərcləndiyi, 950 milyon lirənin isə nağd şəkildə çıxarıldığı müəyyən edilib. Nağdlaşdırılan məbləğlərdən birinin tək əməliyyatda 500 milyon lirə olduğu bildirilib.
Bundan başqa, 29 şirkət və 7 fərdi şirkətə ümumilikdə 1 milyard 757 milyon 547 min 770 lirə köçürüldüyü aşkarlanıb. İstintaq zamanı bəzi yüksək məbləğli ödənişlərin qarşılığında real mal və ya xidmət alınmadığı, yardımların daşınmasından şəxsi mənfəət əldə edildiyi və bəzi yardım materiallarının dövlət qurumlarına sənədlərdə göstəriləndən daha az təhvil verildiyi iddia olunur.
Gürlek həmçinin İzmitdəki anbarlarda zəlzələdən zərərçəkənlər üçün alınmış yüzlərlə çadır, əlil arabası, elektrikli velosiped, dəftərxana ləvazimatı və digər yardım materiallarının istifadəsiz saxlanıldığını bildirib.
Nazir qeyd edib ki, sözügedən materialların ehtiyacı olan şəxslərə çatdırılması üçün tədbirlər görülür. Araşdırma çərçivəsində vəsaitlərin köçürüldüyü şirkətlərin faktiki kommersiya fəaliyyətinin də yoxlanılmasına başlanılıb.
Jalə Demokrat.az


