Azərbaycanda estetik və plastik cərrahiyyə sahəsində yeni məhdudiyyətlərin tətbiqi gündəmdədir. Xüsusilə ümumi cərrahların bu sahədə müəyyən əməliyyatları həyata keçirməsinə qoyulacaq məhdudiyyət pasiyentlərin təhlükəsizliyi ilə bağlı məsələləri yenidən aktuallaşdırıb.
Bəs bu dəyişiklik estetik cərrahiyyədə mövcud problemlərin həllinə nə dərəcədə kömək edə bilər? Məhdudiyyətlər pasiyentlərin təhlükəsizliyini artıracaq, yoxsa sahədə yeni problemlər və xidmət çatışmazlığı yaradacaq? Əsas problem həkimlərin ixtisaslaşmasındadır, yoxsa estetik əməliyyatların həyata keçirildiyi klinikalara nəzarət və lisenziyalaşdırma mexanizmlərində?
Tibb elmləri doktoru, professor Adil Qeybulla Demokrat.az-a açıqlamasında bildirib ki, estetik əməliyyatlara cəmiyyətdə kifayət qədər böyük tələbat var və insanların bu cür əməliyyatlara müraciət etməsi normal haldır.
Onun sözlərinə görə, məsələni tam qadağa ilə həll etmək doğru yanaşma deyil.
"Əsas məsələ estetik cərrahiyyə sahəsində ciddi və aydın qaydaların müəyyənləşdirilməsi, bu xidmətlərin vahid sistem və protokol əsasında həyata keçirilməsidir. Estetik əməliyyatlardan sonra baş verən ağırlaşmaların, hətta bəzi hallarda ölüm hallarının qarşısının alınması üçün əməliyyatdan əvvəl və sonra xəstənin vəziyyətinə nəzarət gücləndirilməlidir. Bu cür ağırlaşmalar bəzən səriştəsizlik, tibbi protokolların pozulması və ya xəstənin əməliyyatdan sonrakı vəziyyətinin lazımi səviyyədə müşahidə edilməməsi ilə bağlı ola bilər. Məsələn, xəstənin əməliyyatdan cəmi bir gün sonra evə buraxılması bəzi hallarda əlavə risklər yarada bilər. Dehidratasiya, elektrolit mübadiləsinin pozulması və digər fəsadlar vaxtında aşkar edilmədikdə ciddi nəticələrə səbəb ola bilər. Buna görə də əməliyyatdan sonrakı müşahidə müddəti, xəstənin evə buraxılması üçün tələb olunan tibbi göstəricilər və nəzarət qaydaları dəqiq müəyyənləşdirilməlidir", - deyə professor bildirib.
Alim qeyd edib ki, digər mühüm məsələ isə estetik cərrahiyyə ilə kimin məşğul ola bilməsidir.
"Mənim fikrimcə, bu sahədə çalışan həkimin yalnız qısa müddətli kurs keçməsi kifayət etməməlidir. Ümumi cərrahiyyə üzrə müəyyən iş təcrübəsi olan və daha sonra estetik və ya plastik cərrahiyyə istiqamətində müvafiq rezidentura və peşəkar hazırlıq keçmiş şəxslərin bu fəaliyyətlə məşğul olmasına icazə verilməlidir. Əks halda, kiminsə yanında müəyyən müddət işləyərək və ya praktiki təcrübə əldə edərək özünü estetik cərrah kimi təqdim etməsi ciddi təhlükələr yarada bilər. Əgər bir şəxsin bu sahədə fəaliyyət göstərmək üçün müvafiq diplomu, ixtisası və peşəkar hazırlığı yoxdursa, onun estetik əməliyyatlar aparması ümumiyyətlə yolverilməzdir. Ona görə də düşünürəm ki, əsas məsələ estetik əməliyyatlara qadağa qoymaq yox, bu sahəni ciddi şəkildə tənzimləməkdir. Kimlərin estetik cərrah ola biləcəyi, hansı təhsilə və təcrübəyə malik olmalı olduğu, hansı əməliyyatları həyata keçirə biləcəyi, əməliyyatdan əvvəl və sonra xəstə ilə bağlı hansı prosedurların tətbiq edilməli olduğu konkret protokollarla müəyyənləşdirilməlidir. Bu qaydalar tətbiq edilərsə, onlara nəzarət gücləndirilərsə və tələbləri pozan şəxslərə qarşı məsuliyyət mexanizmi yaradılarsa, həm insanların estetik əməliyyatlara olan tələbatı qarşılanar, həm də xəstələrin həyatı və sağlamlığı üçün risklər əhəmiyyətli dərəcədə azalar", - deyə Adil Qeybulla fikrini tamamlayıb.


