Dünya Özəl

ABŞ İranın Hörmüz boğazındakı raket qurğularına zərbə endirdi: SEPAH əks-zərbəyə hazırlaşır

ABŞ İranın Hörmüz boğazındakı raket qurğularına zərbə endirdi: SEPAH əks-zərbəyə hazırlaşır

ABŞ silahlı qüvvələri Hörmüz boğazı yaxınlığında İranın raket buraxılış qurğularına zərbə endirib.

Demokrat.az xəbər verir ki, bu barədə məlumatı ABŞ rəsmisinə istinadən "Associated Press" yayıb.

Rəsmi bildirib ki, bu, təxminən bir ay ərzində ABŞ-ın İrana qarşı həyata keçirdiyi ilk hərbi əməliyyat olub.

Agentliyin verdiyi məlumata görə, ABŞ qüvvələri boğazda raket buraxmağa və dəniz minaları yerləşdirməyə hazırlaşan İslam İnqilabı Keşikçiləri Korpusunun qruplaşmalarına hücum edib. Məsələ həssas hərbi məlumatlarla bağlı olduğu üçün rəsmi şəxs adının açıqlanmaması şərti ilə məlumat verib.

Eyni zamanda, İranın "Mehr" xəbər agentliyi Hörmüz boğazında yerləşən Larak adası yaxınlığında partlayış səslərinin eşidildiyini bildirib.

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) hücumu təsdiqləyib. SEPAH-ın yaydığı bəyanatda bir neçə hərbi qulluqçu və mülki şəxsin həlak olduğu və ya yaralandığı bildirilir. Hücuma görə ABŞ və İsrail məsuliyyətli hesab edilib və bəyanatda qeyd olunub ki, bu hücum "təcavüzkarın cəzalandırılması ilə nəticələnəcək".

Hadisə ABŞ hərbçilərinin Hörmüz boğazındakı beynəlxalq gəmiçilik yollarını dəniz minalarından təmizləmək üzrə əməliyyatı başa çatdırmasından qısa müddət sonra baş verib.

Hörmüz boğazı qlobal neft ticarəti üçün ən mühüm marşrutlardan biridir. Boğazın minalanması ehtimalı və ya gəmiçiliyə qoyulan məhdudiyyətlər enerji təchizatında fasilələr yaranması təhlükəsi yaradır.

Alparslan

D
demokrat.az