Sağlamlıq Özəl

Çayın bu növü sağlamlığa zərər vurur? — Açıqlama

Çayın bu növü sağlamlığa zərər vurur? — Açıqlama

Son illərdə paket çayların istifadəsinin artması onların rahat və sürətli hazırlanması ilə yanaşı, məhsulun təhlükəsizliyi ilə bağlı sualları da gündəmə gətirir. Xüsusilə çay paketlərinin hazırlanmasında istifadə olunan materialların isti su ilə təmasda hansı maddələri buraxa bilməsi və bunun insan sağlamlığına təsiri diqqət çəkir. Araşdırmalarda bəzi plastik tərkibli çay paketlərindən dəmlənmə zamanı mikroplastik və nanoplastik hissəciklərin ayrılması ilə bağlı nəticələr əldə olunub. Bununla belə, bu hissəciklərin gündəlik istehlak nəticəsində insan sağlamlığı üçün yarada biləcəyi risklərin tam qiymətləndirilməsi üçün əlavə araşdırmalara ehtiyac olduğu vurğulanır.

Bəs paket çayların hazırlanmasında istifadə olunan materialların isti su ilə təması zamanı hansı maddələr çaya keçə bilər? Belə məhsulların müntəzəm istifadəsi insan sağlamlığı üçün hansı riskləri yarada bilər və istehlakçı paket çay seçərkən onun keyfiyyətini və təhlükəsizliyini müəyyən etmək üçün konkret olaraq nələrə diqqət etməlidir?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən qida eksperti Ağa Salamov bildirib ki, paket çayların hamısı eyni materialdan hazırlanmadığı üçün istifadə olunan materiallar fərqlənir.

Onun sözlərinə görə, bu, istehsalçıdan və çay paketlərinin hazırlanmasında istifadə olunan materialdan asılıdır:

“Kağız əsaslı paketlər, məsələn, sellüloza liflərindən və abaka bitkisindən hazırlanan paketlər mövcuddur. Bu cür materiallardan hazırlanmış çay paketləri insan sağlamlığı üçün təhlükəsiz hesab olunur.

Qida ilə təmas edən materiallardan müəyyən maddələrin qidaya və içkilərə, məsələn, suya və ya çaya miqrasiya etməsi, yəni keçməsi mümkündür. Buna görə də belə materialların təhlükəsizliyinin qiymətləndirilməsində əsas məsələlərdən biri maddələrin suya keçməsi, yəni miqrasiya səviyyəsinin və mümkün toksikoloji risklərin müəyyən edilməsidir.

Son illərdə aparılan tədqiqatlarda plastik tərkibli çay paketlərinin isti su ilə təmasda olduğu zaman suya mikroplastik və nanoplastik hissəciklər ötürdüyü müəyyən edilib. Amma burada vacib elmi məqam ondan ibarətdir ki, mikroplastik və nanoplastiklərin aşkar olunması bu hissəciklərin insan sağlamlığı üçün zərərli olduğunun sübutu demək deyil. Yəni müəyyən təhlükənin mövcudluğu onun mütləq sağlamlığa zərər vurduğu anlamına gəlmir.

Hazırda mikro və nanoplastiklərin insan orqanizminə uzunmüddətli təsirlərini və orqanizmə daxil olmasını dəqiq müəyyənləşdirmək üçün standartlaşdırılmış metodologiyalar və kifayət qədər insan sağlamlığı ilə bağlı məlumatlar yoxdur. Bu, məsələnin elmi tərəfidir.

Abaka lifindən, sellülozadan, ağacdan və digər bitki mənşəli xammallardan hazırlanan çay paketləri mövcuddur və bunlar təhlükəsiz materiallar hesab olunur.

Çayın xırda və ya toz halında olması onun keyfiyyətsiz olduğu anlamına gəlmir. İstehlakçı ilk növbədə paketin üzərində yazılan məlumatlara, məhsulun hansı şirkət tərəfindən istehsal edildiyinə diqqət etməlidir.

Bəzi çayların istehsal texnologiyasına əsasən paketlərin içərisinə iri, dənəvər çay yarpaqları yerləşdirilir. İstehlakçılar belə çaylara üstünlük verə bilərlər. Amma toz halında olan çayların hamısının keyfiyyətsiz olduğunu demək olmaz. Bu formada istehsal olunan və keyfiyyəti yüksək olan çaylar da var.

Lakin məhsulun istehsalçısı barədə kifayət qədər məlumat yoxdursa, belə məhsulları almaqdan çəkinmək daha məqsədəuyğundur. Çünki həmin toz halına salınmış çayın tərkibində müəyyən qatqıların olması ehtimalı arta bilər”, deyə Ağa Salamov fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az