Dünən avtoyuma məntəqəsindən avtomobil qaçıran şəxs saxlanılıb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən A.Həsənov Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən saxlanılıb. Araşdırmalarla şübhəli şəxsin müştərinin avtoyuma məntəqəsinə təhvil verdiyi avtomobili qanunsuz olaraq götürərək hadisə yerindən uzaqlaşdığı müəyyən edilib.
Belə hallarda vətəndaş ona dəyən zərəri kimdən və necə almalıdır?
Demokrat.az-a bu barədə açıqlama verən hüquqşünas Əkrəm Həsənov bildirib ki, hadisə nəticəsində avtomobil müştəriyə geri qaytarılsa belə, əgər nəqliyyat vasitəsinə hər hansı maddi ziyan dəyibsə, bunun məsuliyyəti ilk növbədə avtoyuma xidməti göstərən qurumun üzərinə düşür.
"Çünki avtomobil xidmət göstərilməsi məqsədilə müştəri tərəfindən həmin quruma etibar edilərək təhvil verilib və bu müddət ərzində onun təhlükəsizliyinin təmin olunmasına görə həmin qurum məsuliyyət daşıyır. Bu baxımdan, avtoyuma məntəqəsi avtomobili sahibinə qəbul etdiyi vəziyyətdə geri qaytarmalıdır. Əgər bu baş verməyibsə və avtomobilə zərər dəyibsə, müştəri dəymiş ziyanın ödənilməsini həmin qurumdan tələb edə bilər.
Yəni, əgər avtomobili qaçıran və ya zərər vuran şəxs müəyyən edilərsə, avtoyuma məntəqəsi müştəriyə ödədiyi məbləği həmin şəxsdən məhkəmə qaydasında geri tələb edə bilər. Bu isə artıq avtoyuma məntəqəsi ilə zərəri törədən şəxs arasında hüquqi münasibət hesab olunur və müştərinin hüquqlarına təsir etmir."
Hüquqşünasın sözlərinə görə, obyekti işlədənlər maşını qəbul etdikləri vəziyyətdə sahibinə təhvil verməyə borcludurlar. Əgər nəqliyyat vasitəsinə ziyan dəyibsə, müştəri təzminatı obyektdən tələb etməlidir. Avtoyuma məntəqəsi dominatesi ödədikdən sonra həmin məbləği maşını qaçıran şəxsdən məhkəmə yolu ilə tələb edə bilər.
Qısası, maşını təhvil verən sürücü zərərə görə birbaşa avtoyuma obyektini məsuliyyətə cəlb etməlidir.


