Sağlamlıq Özəl

Qubadakı hamilə qadının ölümündə şübhəli məqam — Açıqlama

Qubadakı hamilə qadının ölümündə şübhəli məqam — Açıqlama

Quba Rayon Mərkəzi Xəstəxanasında faciəvi hadisə baş verib. 5 aylıq hamilə olan gənc qadın vəfat edib. İddialara əsasən, mərhuma antibiotik iynəsi vurulduqdan sonra vəziyyəti qəfil ağırlaşıb.

Hamiləlik dövründə hansı dərmanlardan və tibbi müdaxilələrdən mümkün qədər çəkinmək lazımdır? Antibiotiklər dölün inkişafına necə təsir göstərə bilər?

Ginekoloq Elnurə Salmanova Demokrat.az-a açıqlamasında bildirib ki, bu məsələ yalnız hamiləliklə bağlı deyil:

“İstənilən insan hər hansı dərmanı istifadə edərkən ehtiyatlı olmalıdır. Xüsusilə də antibiotiklərə münasibətdə daha diqqətli olmaq lazımdır. Çünki antibiotiklər hər insanda eyni təsiri göstərmir, bəzi insanlarda ciddi allergik reaksiyalar və ya digər arzuolunmaz fəsadlar yarana bilər. Eyni vəziyyət bəzi güclü ağrıkəsicilərə də aiddir. Hər bir insanın orqanizmi fərqli olduğuna görə, hər dərman hər kəs üçün uyğun olmaya bilər”.

Elnurə Salmanova hamilə qadınlarda məsuliyyət daha da artdığını vurğulayıb:

“Əgər antibiotikdən istifadə tibbi baxımdan zəruridirsə, ilk növbədə həmin preparatın orqanizm tərəfindən qəbul olunub-olunmadığı, ona qarşı həssaslıq və ya allergiyanın olub-olmadığı müəyyən edilməlidir. Yəni müvafiq testlər və ya həkimin qiymətləndirməsi aparılmadan, qadının orqanizminin həmin antibiotiki qəbul edib-etməyəcəyi dəqiqləşdirilmədən ona antibiotik təyin etmək düzgün deyil. Bu cür yanaşma həm ananın, həm də dölün sağlamlığının qorunması baxımından böyük əhəmiyyət daşıyır”.

Qeyd edək ki, onun bir uşağının olduğu bildirilir.Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.

Fidan Hacızadə

D
demokrat.az