Sağlamlıq Özəl

Eyni anda 30 dəqiqədən çox oturmaq xərçəngdən ölüm riskini artırır

Eyni anda 30 dəqiqədən çox oturmaq xərçəngdən ölüm riskini artırır

Gün ərzində uzun müddət oturmaq və ya uzanmaq xərçəng xəstəliklərinin inkişaf riskini artıra bilər. Tədqiqatın nəticələrinə görə, fasiləsiz hər əlavə hərəkətsizlik saatı bu riski təxminən 10 faiz artırır.

Demokrat.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri yazıb.

Tədqiqatçılar bildirirlər ki, riski azaltmaq üçün uzunmüddətli oturaq dövrləri yüngül fiziki aktivliklə əvəz etmək kifayətdir. Hətta qısa müddət otaq daxilində gəzmək də müsbət təsir göstərə bilər. Faydalı fəaliyyətlərə yavaş templə yerimək və ev işləri də daxildir.

Araşdırmaya əsasən, gündə bir saat oturaq vaxtın qab yumaq və ya paltar ütüləmək kimi yüngül fiziki fəaliyyətlə əvəz edilməsi xərçəng riskinin 12 faiz azalması ilə əlaqələndirilir.

Bundan başqa, gündə 30 dəqiqə hərəkətsizliyin orta intensivlikli fiziki fəaliyyətlə, məsələn, orta templə yeriməklə əvəz edilməsi riskin 8 faiz azalması ilə əlaqələndirilib.

Ən böyük fayda isə intensiv fiziki fəaliyyət zamanı müşahidə olunub. Tədqiqat göstərib ki, hər gün beş dəqiqə hərəkətsizliyin beş dəqiqə intensiv fiziki məşqlə əvəz edilməsi xərçəng riskini 22 faiz azalda bilər.

Araşdırmanın nəticələri “PLOS Medicine” jurnalında dərc olunub. Müəlliflər qeyd edirlər ki, uzun müddət oturmaq və ya uzanmaq artıq ürək-damar xəstəlikləri və bəzi xərçəng növləri ilə əlaqələndirilsə də, oturaq həyat tərzinin sağlamlığa təsiri hələ də tam öyrənilməyib.

Məqalədə həmçinin qeyd olunur ki, GLP-1 sinfinə aid preparatlar, o cümlədən “Ozempic” və “Wegovy”, xərçəng xəstələrinin müalicəsinin nəticələrinə müsbət təsir göstərə bilər. Bu preparatlar daha çox arıqlama təsiri ilə tanınsa da, ilkin olaraq 2-ci tip şəkərli diabetin müalicəsi üçün hazırlanıb. Son araşdırmalar onların piylənmə ilə əlaqəli bəzi xərçəng növlərinin inkişafını ləngidə biləcəyini göstərir.

Jalə Demokrat.az

D
demokrat.az