Şəmkir rayonunda ər-arvadın mübahisəsi cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib. 1972-ci il təvəllüdlü Firdovsi kənddə yerləşən evdə ailə-məişət zəminində yaranmış münaqişə zamanı yumruq və şillə zərbələri ilə həyat yoldaşı Suranın (adlar şərtidir – red.) sifət nahiyəsinə qəsdən zərbə vurub, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Faktla bağlı Firdovsinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Firdovsi ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilib. O, ifadəsində göstərib ki, rəsmi olaraq heç yerdə işləmir, günəmuzd fəhlə olaraq çalışır:
“Barəmdə şikayət edən Sura mənim həyat yoldaşımdır. Həmin şəxslə aramızda əvvəl normal münasibətlə olsa da, 2025-ci ilin may ayından münasibətlərimiz pozulub. Bu səbəbdən həmin vaxtdan etibarən yaşadığımız evin daxilində Sura ilə ayrı-ayrı otaqlarda yaşayırıq. Mən yemək və digər lazımi gündəlik ehtiyaclarımı özüm qarşılayıram”.
Təqsirləndirilən şəxs deyib ki, məlum hadisə günü, səhər saatlarında bacısı Nərminə ona zəng edib və yaşadığı Posanlı yaşayış massivindən Şəmkir şəhəri mərkəzi bazarına gələcəyini bildirib:
“Nərminə mənə yemək bişirdiyini və qardaşım Aqilin Şəmkir şəhəri mərkəzi bazarında şor satan həyat yoldaşı Zoyanın yanına qoyacağını, oradan götürə biləcəyimi dedi. Saat 11 radələrində yaşadığım evdən çıxdım və bazara yollandım. Zoyadan bacım Nərminənin mənim üçün bişirdiyi yeməyi təhvil aldım və saat 15 radələrində yaşadığım kəndə qayıtdım. Yaşadığım evə daxil olan zaman həyat yoldaşım Sura əlimdə olan yemək paketini gördü və bacım Nərminənin mənə yemək bişirdiyini başa düşdü. O, qışqıraraq mənə qarşı əxlaqsız və ağıla sığmaz fikirlər səsləndirdiyi üçün onun üzərinə yeridim. Sura isə qaçaraq özünə məxsus yataq otağına daxil oldu. Mən də Suranın arxasınca yataq otağına girdim. Onun üz və baş nahiyəsinə əlim ilə 3 dəfə şillə, yumruq zərbəsi endirdim. Həmin vaxt oğlum evə daxil oldu və bizi ayırdı”.
Təqsirləndirilən şəxs deyib ki, daha sonra öz yataq otağına daxil olub və yatıb. O, əməlindən peşman olduğunu, arvadı ilə barışdığını deyib.
İş üzrə zərərçəkmiş Suranın sözlərinə görə rəsmi olaraq heç yerdə işləmir, heyvandarlıq ilə məşğul olur:
“2025-ci ilin may ayından etibarən Firdovsi ilə aramızda olan münasibət tamamilə pozuldu. Firdovsi məni guya əxlaqsızlıq etməyi ilə günahlandıraraq haqqımda həqiqətə uyğun olmayan fikirlər səsləndirdi. Bu səbəbdən də aramızda olan münasibətlər pozuldu. Biz Şəmkir rayonunun kəndində yerləşən fərdi yaşayış evində ayrı-ayrı otaqlarda yaşayırıq”.
Zərərçəkmiş qeyd edib ki, məlum hadisə günü saat 11 radələrində Firdovsi yaşadıqları evdən çıxaraq Şəmkir şəhərinə gedib: “Saat 15 radələrində yaşadığımız evdə olarkən Firdovsi qayıtdı və məndən mobil telefonumu istədi. Mən mobil telefonunu vermək istəmədim. O, mobil telefonumu stolun üzərindən götürərək içərisində olan mobil nömrəni çıxardı və mənim telefonla danışmağımı istəmədiyini bildirdi.
Həmin vaxt aramızda münaqişə yarandı. Münaqişə zamanı Firdovsi məni söyüb təhqir etdi. O, arxamca yataq otağına daxil oldu, məni yumruq və şillə zərbələri ilə vuraraq döyməyə başladı. Bu zaman yaşadığım evin çölündən oğlum Səlimin səsini eşitdim. O, evə girərək bizi ayırdı”.
Zərərçəkmiş ifadəsinin sonunda deyib ki, hadisədən sonra təqsirləndirilən şəxs ilə barışıb, hazırda ondan şikayəti və tələbi yoxdur.
Şəmkir Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, iş üzrə icraata xitam verilib.


