Rusiyanın Belqorod vilayətinin Ukrayna ilə həmsərhəd yerləşən Qrayvoron bələdiyyə dairəsinin rəhbəri Dmitri Pankov iyulun 5-i səhər pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində yaralanıb.
Demokrat.az xəbər verir ki, bu barədə vilayətin operativ qərargahı "Telegram" kanalında məlumat yayıb.
Məlumata görə, hadisə Qolovçino kəndində baş verib. PUA-nın partlaması nəticəsində Dmitri Pankov bud nahiyəsindən qəlpə yarası alıb.
Bildirilib ki, yaralıya zəruri tibbi yardım göstərilir. Hücum zamanı onun xidməti avtomobilinə də ziyan dəyib.
Rəsmi məlumatda qeyd olunur ki, Pankov hazırda Belqorod Vilayət Klinik Xəstəxanasına çatdırılır. Həkimlər onun vəziyyətini orta ağır qiymətləndirirlər.
Qrayvoron bələdiyyə dairəsi Ukrayna ilə sərhəddə yerləşir. Rayon mərkəzi "Qrayvoron" beynəlxalq avtomobil buraxılış məntəqəsindən təxminən yeddi kilometr məsafədədir.
Bundan əvvəl Rusiyanın Kursk vilayətinin Rılsk şəhərində yerli rəsmiləri daşıyan avtomobil minaya düşmüşdü. Hadisə nəticəsində Rılsk rayonunun rəhbəri Vladimir Kovalçuk mina-partlayış travması və ayaqlarından qəlpə xəsarətləri almışdı.
Qeyd edək ki, məlumat Rusiyanın Belqorod vilayətinin operativ qərargahının açıqlamasına əsaslanır və münaqişə şəraitində bu cür məlumatları müstəqil şəkildə təsdiqləmək həmişə mümkün olmur.


