Son dövrlər sosial şəbəkələrdə vətəndaşlara “asan qazanc” vədi verən, yaxud müxtəlif bəhanələrlə pul istəyən hesabların sayı sürətlə artır. Bir çox platformalarda kimisi xəstəlik, kimisi borc, kimisi isə işsizlik səbəbi ilə yardım topladığını bildirir. Bəziləri 65 qəpik çörək pulu istədiyini yazır, digərləri isə minlərlə manatlıq kampaniyalar başladır. Bu müraciətlərin hamısına etibar etmək olmaz və xüsusilə tanınmayan şəxslərə pul köçürərkən diqqətli olmaq lazımdır.
Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, son dövrlər sosial şəbəkələrdə və müxtəlif internet platformalarında insanların aldadılması hallarının artmasının əsas səbəblərindən biri ölkədə iqtisadi vəziyyətin çətinləşməsidir:

“İnsanların maddi vəziyyətinin zəifləyib, işsizliyin artması fonunda həm bəzi şəxslər asan qazanc yolları axtarır, həm də dələduzlar insanların həssas vəziyyətindən istifadə etməyə çalışırlar. Xüsusilə sosial şəbəkələr üzərindən tanımadıqları şəxslərə və ya xarici hesablara pul köçürən vətəndaşlar daha diqqətli olmalıdırlar. Çünki bəzi hallarda vəd verən və ya yardım adı altında pul toplayan şəxslər Azərbaycanda olmur və bu da sonradan hüquqi müdaxiləni çətinləşdirir. Belə hallarda vətəndaş aldadıldıqdan sonra hüquq-mühafizə orqanlarının imkanları da məhdudlaşır".
O deyib ki, tanınmayan şəxslərə inanmaq, təsdiqlənməmiş hesab və saytlara ödəniş etmək riskli hesab olunur:
“Bir çox hallarda insanlar yardım və ya qazanc vədlərinə könüllü şəkildə inanaraq pul göndərirlər və burada məcburiyyət elementi olmur. Kiminsə yardım istəməsinin özü qanunsuz hesab edilmir. Lakin məqsəd insanları aldatmaq və yalan vədlərlə pul əldə etməkdirsə, bu artıq cinayət əməli sayılır. Bununla belə, həmin şəxslər ölkə xaricində olduqda onların tapılması və məsuliyyətə cəlb edilməsi daha mürəkkəb prosesə çevrilir”.


