Hörmüz boğazında növbəti tanker insidenti qeydə alınıb.
Demokrat.az bildirir ki, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb ki, gəmi mərmi atəşi nəticəsində zədələnib. Hadisə zamanı ekipaj üzvləri xəsarət almayıb.
Məlumata görə, bu hadisə ABŞ və İran arasında əldə olunduğu bildirilən müvəqqəti atəşkəsdən təxminən iki həftə sonra baş verib. Tərəflər bir-birini razılaşmanın şərtlərini pozmaqda ittiham edirlər.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) daha əvvəl İranın ticarət gəmisinə hücuma cavab olaraq raket və pilotsuz uçuş aparatları ilə bağlı obyektlərə və sahil radarlarına zərbələr endirildiyini açıqlamışdı.
İran Xarici İşlər Nazirliyi isə bu hücumları beynəlxalq hüququn pozulması kimi qiymətləndirərək pisləyib. Bildirilib ki, zərbələr ölkənin cənub sahilindəki müşahidə məntəqələrini hədəf alıb.
Eyni zamanda, İran İnqilab Keşikçiləri Korpusu ABŞ-ın hücumlarına cavab olaraq regiondakı ABŞ hərbi obyektlərinə zərbələr endirildiyini açıqlayıb. Tehran Hörmüz boğazında gəmiçiliyə nəzarət hüququnu vurğulayır.
Son insident, bir neçə gün əvvəl baş verən oxşar hücumdan sonra bölgədə qeydə alınan ikinci hadisədir. Dənizçilik yollarının təhlükəsizliyinə nəzarət edən qurumlar regionda risk səviyyəsinin yüksəldiyini bildiriblər.
Demokrat.az


