Sağlamlıq Özəl

Gündə bir ovuc yeyənin ürəyi "yenilənir"

Gündə bir ovuc yeyənin ürəyi yenilənir

Kardioloq Nadim Geloo yüksək kalorili olduğu üçün bir çox insanın qidalanma rasionundan çıxardığı qozun ürək-damar sağlamlığı üçün mühüm əhəmiyyət daşıdığını bildirib.

Demokrat.az bildirir ki, mütəxəssisin sözlərinə görə, bu çərəz tərkibindəki omeqa-3 yağ turşuları, çoxlu doymamış yağlar və E vitamini sayəsində damarların sağlam qalmasına kömək edir, həmçinin pis xolesterinin səviyyəsini tarazlaşdırır.

Həkimlər qeyd edirlər ki, pis xolesterinin damarlarda toplanması zamanla daralmaya və qan dövranının zəifləməsinə səbəb olur. Bu da ürəyin daha çox gücə düşməsi və infarkt riskinin artması ilə nəticələnir. Qozun tərkibindəki omeqa-3 yağ turşuları isə yaxşı xolesterinin səviyyəsini artıraraq bu mənfi təsirləri azaldır, damarların elastikliyini qoruyur və arterial təzyiqi tənzimləyir.

Aparılan iki illik araşdırmanın nəticələri də bunu sübut edir. Hər gün bir ovuc qoz qəbul edən yaşlı insanlarda pis xolesterinin səviyyəsində ciddi azalma müşahidə olunub. Dr. Geloo ürək sağlamlığını qorumaq üçün gündə təxminən dörddəbir stəkan qoz istehlak etməyi tövsiyə edir.

Lakin mütəxəssislər məhsulun yüksək kalorili olduğunu xatırladaraq, çəki nəzarəti üçün onun ölçülü şəkildə qəbul edilməsinin vacibliyini vurğulayırlar.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova