Çuğundur nitratlarla zəngindir və bu maddələr qan damarlarının genişlənməsinə, eləcə də normal qan təzyiqinin saxlanmasına kömək edir. Lakin “Health” nəşrinin yazdığına görə, bu funksiyanı yerinə yetirən tək qida çuğundur deyil.
Demokrat.az xəbər verir ki, məqalənin müəllifi, diyetoloq Lindsi DeSotonun sözlərinə görə, düzgün qidalanma arterial təzyiqin tənzimlənməsində mühüm rol oynayır, lakin ümumi həyat tərzi də eyni dərəcədə vacibdir. Buraya duzun azaldılması, işlənməmiş qidaların seçilməsi, fiziki aktivlik, sağlam çəki, stressin idarə olunması və kifayət qədər yuxu daxildir.
Mütəxəssis təzyiqi aşağı salmağa kömək edən 11 məhsulu qeyd edib:
1. İspanaq və digər yaşıl yarpaqlı tərəvəzlər
Yaşıl yarpaqlı tərəvəzlər təbii nitratlarla zəngindir. Bu maddələr orqanizmdə azot oksidinə çevrilir və damarları genişləndirərək qan dövranını yaxşılaşdırır. Onlar həmçinin kalium və maqneziumla zəngindir.
2. Giləmeyvələr
Giləmeyvələr antioksidantlarla (antosianlarla) zəngindir və azot oksidinin istehsalını artıra bilər. Tədqiqatlara görə, gündə təxminən 1,5 stəkan giləmeyvə qəbul edən insanlarda təzyiq daha aşağı olur.
3. Paxlalılar
Lobya, mərci və noxud kalium, maqnezium və liflə zəngindir. Kalium artıq natriumu bədəndən çıxarmağa kömək edir və bu da təzyiqi azaldır.
4. Avokado
Avokado kalium, maqnezium, lif və sağlam yağlarla zəngindir. Maqnezium damarların genişlənməsinə kömək edir.
5. Qızılbalıq (losos)
Omega-3 yağ turşuları iltihabı azaldır və damarların funksiyasını yaxşılaşdırır. Bu da təzyiqin enməsinə kömək edə bilər.
6. Qoz
Qoz bitki mənşəli omega-3, lif və antioksidantlarla zəngindir və ürək sağlamlığını dəstəkləyir.
7. Banan və alma
Banan kaliumla zəngindir, alma isə liflə. Hər ikisi ürək-damar sistemini qoruyur və təzyiq riskini azalda bilər.
8. Tünd şokolad
Flavonoidlər damarların elastikliyini artırır və qan təzyiqini azalda bilər. Ən yaxşı seçim 70% və daha çox kakao olan şokoladdır.
9. Yoqurt
Kalsium və kaliumla zəngindir, həmçinin faydalı bakteriyalar sayəsində ürək sağlamlığını dəstəkləyir.
10. Yulaf
Beta-qlükan adlı lif xolesterini və təzyiqi aşağı salmağa kömək edir.
11. Brokoli və digər xaççiçəklilər
Brokoli və kələm kimi tərəvəzlər antioksidant və kükürd tərkibli maddələrlə damarları qoruyur və təzyiqi azalda bilər.
Jalə Demokrat.az


