Sağlamlıq Özəl

Bu 6 əlaməti hiss etsəniz həkimə gedin

Bu 6 əlaməti hiss etsəniz həkimə gedin

Dünyada ən çox rast gəlinən xərçəng növlərindən olan kolon (yoğun bağırsaq) xərçəngi ölüm riskinə görə ön sıralarda dayanır. Əvvəllər daha çox 50 yaşdan yuxarı şəxslərdə müşahidə edilsə də, son illər gənclər arasında da sürətlə yayılmağa başlayıb. Yoğun bağırsağın daxili səthində polip adlanan kiçik törəmələrlə başlayan bu xəstəlik illər ərzində bədxassəli şişə çevrilə bilir. Hər iki cins üçün təhlükəli olan bu xəstəlik çox vaxt heç bir əlamət vermədən irəliləsə də, erkən mərhələdə aşkarlandıqda tam müalicə olunur.

Türkiyəli qastroenteroloq Doç. Dr. Remzi Beştaş bildirir ki, kolorektal xərçəng dünyada yayılma tezliyinə görə üçüncü, ölüm sayına görə isə ikinci yerdədir. Xəstəliyin ən pis tərəfi erkən dövrlərdə özünü büruzə verməməsidir. Lakin proses irəlilədikcə bədən müəyyən siqnallar ötürməyə başlayır.

Əgər aşağıdakı hallardan biri və ya bir neçəsi müşahidə olunursa, vaxt itirmədən həkimə müraciət etmək lazımdır.

Nəcisdə qan görünməsi Uzun müddət davam edən qəbizlik və ya ishal Tualet vərdişlərinin qəfil dəyişməsi Qarın nahiyəsində ağrı, şişkinlik və səbəbsiz çəki itkisi Daimi yorğunluq və halsızlıq hissi Nəcis formasının dəyişməsi və dəmir çatışmazlığı

50 yaşdan yuxarı olmaq, ailədə oxşar xəstəlik tarixçəsi, həddindən artıq qırmızı ət istehlakı, lifli qidalardan uzaq durmaq, hərəkətsiz həyat tərzi, piylənmə, siqaret və alkoqol asılılığı risk faktorlarını artırır. Doç. Dr. Remzi Beştaşın sözlərinə görə, bu risk qrupunda olan şəxslərin müayinə proqramlarına daha ciddi yanaşması vacibdir.

Kolon xərçəngi ilə mübarizədə ən effektiv üsul kolonoskopiyadır. Bu müayinə sayəsində bağırsaqdakı poliplər hələ xərçəngə çevrilmədən tapılıb çıxarıla bilir. Ümumi tövsiyələrə görə, 45 yaşdan etibarən hər kəs profilaktik müayinə proqramlarına qoşulmalıdır. Müayinə cədvəlinə 10 ildən bir kolonoskopiya, hər il nəcisdə gizli qan testi və 5 ildən bir KT-kolonoskopiya kimi metodlar daxildir.

Riski azaltmaq üçün bol tərəvəz və meyvə yemək, işlənmiş ət məhsullarından qaçmaq, idmanla məşğul olmaq və çəkini normada saxlamaq həyati əhəmiyyət kəsb edir. Mart ayı bütün dünyada kolon xərçəngi ilə bağlı maarifləndirmə ayı hesab olunur və bu dövrdə erkən diaqnozun həyat xilas etdiyi xüsusi vurğulanır.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova