Həddindən artıq emal olunmuş qidaların müntəzəm istehlakı ürək-damar xəstəlikləri riskini kəskin artırır. "JACC: Advances" jurnalında dərc olunan yeni araşdırma bu təhlükənin miqyasını üzə çıxarıb.
Demokrat.az-ın məlumatına görə söhbət çips, kolbasa məmulatları, şirin içkilər, hazır yeməklər və tez hazırlanan səhər yeməklərindən gedir. Tədqiqat göstərib ki, gün ərzində bu növ qidalardan doqquz porsiyadan çox istifadə edənlərdə infarkt və insult riski digərləri ilə müqayisədə 67 faiz daha yüksəkdir.
Alimlər 45-84 yaş arası 6800-dən çox şəxsin qidalanma vərdişlərini uzun müddət müşahidə ediblər. Məlum olub ki, rasiona əlavə edilən hər bir porsiya emal olunmuş məhsul ürək-damar problemləri ehtimalını təxminən 5 faiz artırır. Maraqlıdır ki, bu mənfi təsir insanın çəkisindən, şəkərli diabet və ya hipertoniya kimi xəstəliklərinin olub-olmamasından asılı olmayaraq özünü büruzə verir.
Bu tip qidalar orqanizmdə iltihabi proseslərə yol açır və daxili piylənməni sürətləndirir. Təhlükə yalnız qidaların kalorisində deyil, həm də onların keçdiyi emal səviyyəsindədir.
Riski azaltmaq üçün ekspertlər tərkibində süni qatqılar olan məhsullardan uzaq durmağı məsləhət görürlər. Onların əvəzinə tərəvəz, paxlalılar, qoz-fındıq və tam taxıllı məhsullara üstünlük vermək sağlamlıq üçün ən doğru addımdır.
İsmayıl Demokrat.az


