“Ölkədə hələ də bizneslə məşğul olan məmurlar, millət vəkilləri var” - Vüqar Bayramov

İQTİSADİYYAT 30 okt 2019, 11:08

Vüqar Bayramov: “Halbuki, qanun onların bizneslə məşğul olmasını qadağan edir”
“Sahibkarların maliyyə və güzəştli kreditlərə çıxış imkanı faktiki olaraq yoxdur”

 

“Bəzi sahələrdə monopoliya qalmaqdadır”

 

“Yeni kadrların hökumətdə təmsil olunmasına ciddi ehtiyac var”

 

Prezident İlham Əliyevin son çıxışlarında sahibkarlığın inkişafı, azad rəqabət mühitinin formalaşdırılması, məmurların biznesə müdaxilə hallarının önlənməsi və s. kimi məsələlərlə bağlı səsləndirdiyi fikir və tövsiyyələr böyük maraqla qarşılanmaqdadır.

Moderator.az olaraq iqtisadçı alim Vüqar Bayramovla söhbətimizdə prezidentin məlum tövsiyyə və tapşırıqlarından irəli gələn vəzifələri şərh etməklə yanaşı, iqtisadiyyatdakı mövcud problemlərə də nəzər salmağa çalışdıq.

 

-Vüqar bəy, ölkə başçısı son bəyanatlarında bir daha sahibkarlığın inkişaf etdirilməsinin zəruriliyini vurğuladı, habelə bu sahədəki problemlərə diqqət çəkdi. Bilmək istərdik ki, ölkə başçısının son bəyanatlarını bütövlükdə sahibkarlığın inkişafına dəstək baxımından necə dəyərləndirirsiniz?

 

-Sahibkarlığın inkişafı çox vacibdir. Iqtisadiyyatın inkişafı, xüsusilə də onun dayanıqlılığının təmini baxımından bu, xüsusilə əhəmiyyətlidir. Iqtisadiyyat sahibkarların çiynində olmalıdır. Sahibkarlığın inkişafı iqtisadiyyatı irəli aparmalıdır.

Cənab prezidentin son bəyanatlarına diqqqət etsək görərik ki, ölkə başçısı çıxşlarında sahibkarların üzləşdiyi problemləri qeyd edir və onların ortadan qaldırlması üçün zəruri göstərişlər verir.

 

-Bu gün ölkə iqtisadiyyatındakı əsas problemlər nədən ibarətdir?

 

-Biz bu problemləri qruplaşdırsaq, görərik ki, bunlardan biri gizli iqtisadiyyatdır. Gizli iqtisadiyyat sahibkarların azad rəqabət aparmasına imkan yaratmır. Problemlərdən biri monopoliya ilə bağlıdır. Bu gün hələ də bəzi məhsullar ilə bağlı monopoliya qalmaqdadır. Apardığımız araşdırmaların da nəticəsi bu cür monopoliyaların mövcudluğunu göstərir. Bu isə sahibkarlığın inkişafını əngəlləyən faktordur.

 

-Məmurların iqtisadiyyata müdaxiləsi, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olması zaman-zaman dilə gətirilən problemlərdən biridir. Sizcə bu gün bu sahədə vəziyyət nə dərəcədə qənaətbəxşdir? Bu gün də sahibkarlıq fəaliyyəti ilə məşğul olan məmurlar varmı?

 

-Mövcud problemlərdən biri də məmurların iqtisadiyyata müdaxiləsidir. Bəzi məmurlar, bəzi hallarda millət vəkilləri sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Halbuki, qanunvericilik onların sahibkarlıq fəalyyəti ilə məşğul olmasını birmənalı şəkildə qadağan edir. Lakin təəssüflər olsun ki, məmurların sahibkarlıqla məşğul olması müşahidə  edilir ki, bu da sahibkarlığın inkişafına əngəl yaradır. Bu, azad rəqabətin pozulmasına səbəb olur.

 

-Sizcə problemin həlli üçün hansı addımlar atılmalıdır?

 

-Ölkə başçısı problemləri qeyd etməklə yanaşı, onların aradan qaldırlması ilə bağlı vəzifələr müəyyənləşdirir. Bu problemlərin aradan qaldıırlması kadr islahatların davam etdirilməsini tələb edir. Yeni kadrların hökumətdə təmsil olunmasına ciddi ehtiyac var. Yeni nəfəs və simaların hökumətdə təmsilçiliyi çox vacibdir. Sahibkarların problemlərini müəyyənləşdirən və onun həllini həyata keçirən çevik idarəetmə aparatının yaradılması da vacib olan məsələlərdən biridir.

Sahibkarlıq üçün daha əlverişli biznes mühitinin yardılmasına ehtiyac var.

 

-Sahibkarlaırn fəaliyyətinə mənfi təsir göstərən daha hansı problemlər var?

 

-Sahibkarların maliyyə resurslarına çıxışı ilə bağlı da problemlər var. Bu problemin də aradan qaldırılması zəruridir. Sahibkarların maliyyə və güzəştli kreditlərə çıxış imkanı faktiki olaraq yoxdur. Sahibkarlığın İnkişafı Fondu yalnız girov müqabilində kreditlər təşkil edir. Sahibkarların böyük bir qisminin isə girovu yoxdur. Bu baxımdan sahibkarların kreditlərə çıxış imkanı genişləndirilməlidir.

 

-Bu problemlərin həlli ölkə iqtisadiyyatında konkret hansı müsbət dəyişikliklərə səbəb olacaq?

 

-Qeyri-neft sektoruna investisiyanın cəlb edilməsi, daxili sərmayə qoyuluşu imkanının artırılması bilavasitə qeyd edilən problemlərin aradan qaldıırlması ilə bağlıdır. Bu problemlər həll ounarsa, biz daha əlverişli biznes mühitini müşahidə edəcəyik. Biz sahibkarlığın inkişafına, daha çox iş yerinin yaradılmasına şahid olacayıq.

Sahibkarlığın inkişaf etdirilməsi prioritet məsələ olaraq qalır və qalmalıdır. Iqtisadiyyatda islahatların, xüsusilə də kadr islahatlarının davam etdirilməsi zəruridir. 2020-ci ildə islahalatların səmərəliliyi daha çox kadr islahatlarından asılı olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top