Səhiyyə və gözəllik mərkəzlərində reydlər artırılsın — TƏKLİF

SOSİAL 22 oktyabr 2025, 18:55
“Sahibkarlıq sahəsində və özəl sektorda aparılan yoxlamalar mərkəzləşdirilmiş şəkildə həyata keçirilir. Bu yoxlamalar iki formada, planlı və plandan kənar ola bilər”. 

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli deyib. 

O bildirib ki, planlı yoxlamalar ilin əvvəlində hazırlanmış xüsusi qrafik üzrə aparılır:

“Bununla belə, insan sağlamlığı və qida təhlükəsizliyi ilə bağlı təsərrüfat subyektləri istisna təşkil edir. Bu sahədə yoxlamaların dayandırılması ilə bağlı qanunvericilikdə dəyişikliklər edilib. Səhiyyə sahəsində yoxlamalar həmişə qanuna uyğun və planlı şəkildə keçirilir. 

Eyni zamanda, vətəndaşların müraciətləri və ya müvafiq təşkilatların tələbləri əsasında aparılan yoxlamalar plandan kənar sayılır. Bu yoxlamalar nəticəsində qanun pozuntuları aşkar edilə və müvafiq cəzalar tətbiq oluna bilər. Səhiyyə sektorunda bəzi müəssisələrdə tibb işçiləri olmadan fəaliyyət göstərən insanlar da var. Belə hallar qanunvericiliyin və həkim etikasının pozulması deməkdir. Bu, Azərbaycanın səhiyyə sisteminin nüfuzuna ciddi zərbə vurur”. 

Deputat qeyd edib ki, xüsusilə estetik, kosmetoloji və gözəllik mərkəzlərində bu problemlər müşahidə olunur:

“Bu səbəbdən bu sahədə xüsusi işçi qrupu yaradılmalıdır. Bu qrupa İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və hüquq-mühafizə orqanları daxil edilməlidir. Onlar birgə reydlər keçirərək qanunsuz fəaliyyət göstərən müəssisələri müəyyən etməlidirlər. Belə müəssisələri təşkil edən və qanunsuz fəaliyyətlə məşğul olan şəxslər isə qanunun bütün gücü ilə cəzalandırılmalıdır. Bu tədbirlər insanların sağlamlığını qorumaq və səhiyyə sahəsində fəaliyyətin qanun çərçivəsində olmasını təmin etmək məqsədini daşıyır”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 oktyabr 2025, 19:02
Top