Elmira Axundova haqqında yazılanları təkzib etdi: “Yalan məlumatlardır”

GÜNDƏM 22 oktyabr 2025, 17:58
Sabiq deputat, eks-səfir Elmira Axundova “Yeni Müsavat” qəzetinin baş redaktoru Nazim Sabiroğluna və Mətbuat Şurasının sədri Rəşad Məcidə müraciət ünvanlayıb.

Demokrat.az xəbər verir ki, müraciətdə Elmira Axundova “Yeni Müsavat” qəzetinin 190 nömrəsindəki (21 oktyabr 2025-ci il tarixli) “Mehdiyev biznes imperiyasında Ukrayna izi” məqaləni təkzib edib.

Elmira Axundova bildirib ki, həmin məqalədə dərc olunanlar həqiqəti əks etdirmir və ona qarşı yalan məlumatlardır.

Axundova bildirib:

“Mənim Sizə müraciət etməyimin səbəbi “Yeni Müsavat” qəzetinin 190 nömrəsindəki (21 oktyabr 2025-ci il tarixli) “Mehdiyev biznes imperiyasında Ukrayna izi” məqaləsidir. Müəllif – E.Məmmədəliyevdir.

Heç bir fakt göstərmədən, ucuz sensasiya xətrinə E.Məmmədəliyev məni hansısa “donuz” və “kolbasa mafiyası” ilə əlaqələndirir, iddia edir ki, məni səfir postuna məhz R.Mehdiyev təyin edib və mənə hansısa xüsusi tapşırıqlar verib. Əsas tapşırıq isə - guya R.Mehdiyevin biznesini qorumaq və ona nəzarət etməkdir. Sonra yazır ki, mən bu postu külli miqdarda rüşvət qarşılığında əldə etmişəm.

Məqalədən sitat: “O, təkcə Mehdiyevin təyin etdiyi səfir olmayıb, onun xarici şəbəkəsinin açar fiqurlarlndan biri kimi fəaliyyət göstərib. Axundova Ukraynada Mehdiyevin maraqlarını qoruyub. Bu faktlar hüquq-mühafizə orqanları üçün artıq prosessual hərəkətlərin başlanması üçün kifayət qədər əsas verir. Axundovanın istintaqa cəlbi ilə Ramiz Mehdiyevin xarici əlaqələri ifşa oluna bilər”.

Bütün bu cəfəngiyat, həqiqətə əslən uyğun olmayan, şantaj xarakterli yazıya bir söz tapmaq olar – kiminsə tərəfindən sifariş (əslində mənə sifarişçinin adı da bəllidir) və ağ yalan.

Ramiz Mehdiyev məni səfir postuna təyin etməmişdi, birincisi ona görə ki, Azərbaycanda səfirləri cənab Prezident özü təyin edir və E.Məmmədəliyevin mülahizələri dövlət başçımıza hörmətsizlikdir. İkinci də ona görə ki, R.Mehdiyev 2019-cu ildən PA-da artıq işləmirdi, Milli Akademiyaya keçmişdi, mənim təyinatım isə 2020-ci ilin martında baş verdi. R.Mehdiyev mənə heç bir tapşırıq verməmişdi, mən onunla bu barədə nə görüşüb, nə də danışmamışam. Ukraynada işləyəndə bircə dəfə də olsun Ramiz Mehdiyevnən əlaqə yaratmamışam və onun hansısa biznesindən qətiyyən xəbərim yox idi.

Əgər E.Məmmədəliyevdə hansısa sübütlar, foto ya video, yazılar və s. varsa – ortaya qoysun və hüquq-mühafizə orqanına təqdim etsin. Yoxsa boş-boş sözlərlə, həqiqətə uyğun olmayan fərziyyələrlə qəzetin səhifələrini doldurmaq və bu mətbu orqanını hörmətdən salmaq kimə lazımdır? Hələ XX əsrdə Hitler “Meiyn Kampf” kitabında yazırdı: “Yalanınız nə qədər dəhşətli olsa, sizə bir o qədər tez inanacaqlar”.
Görünür, E.Məmmədəliyev məhz belə prinsipi üstün tutmuşdur.

Mənim haqqımda yazdığı digər mülahizələr də eynilə gülüncdür, məsələn, yazır ki, səfir postuna təyin edilərkən “Axundovanın nə diplomatik təcrübəsi vardı, nə xarici siyasət biliyi, nə də beynəlxalq imici”.  Faktlar isə əksini göstərir: əvvəla 10 il ümümmilli liderimiz Heydər Əliyevin Prezident pulunda çalışarkən böyük siyasətin içində olmuşam, H.Əliyevin fəaliyyəti və təşəbbüsləri haqqında xarici mətbuatda yüzlərlə məqalə çap elətdirmişəm, milli maraqlarımızı çox yüksək professionallıqla müdafiə etmişəm. Dahi H.Əliyev, bunu təsdiqləyərək, hələ 2003 ildə mənə ən ali mükafat olan “Şöhrət” ordeni vermişdi.

Sonra 15 il Ali qanunvericilik orqanında işləyərək 3 il Avropa Şurasında, 7 il MDB Parlament Assambleyasında  təmsil olunmuşam, Azərbaycan-Lyuksemburq dostluq qrupuna rəhbərlik etmişəm. Və 60 illiyim ilə əlaqədar cənab İlham Əliyev tərəfindən “AR ictimai-siyasi həyatında fəal iştirakına görə” 2013 ildə Prezidentin Fəxri diplomu ilə təltif edilmişəm. Hətta mən səfir postundan gedəndə (öz xahişimlə, səhhətimə görə) də, cənab Prezident mənim fəaliyyətimi dəyərləndirərək 2023-cü ildə məni 2-ci dərəcəli “Vətənə xidmət” ordeni ilə təltif edib. Bundan sonra yazmaq ki, Axundovanın nə siyasi təcrübəsi, nə biliyi olmayıb – yalandan və qərəzçilikdən başqa bir şey deyildir

Axırda E.Məmmədəliyev mənim 44 günlük Vətən müharibəsi zamanı sərgilədiyi mövqeyimi guya “xəyanətin diplomatik forması kimi” təqdim edir, məni faktiki olar vətənə xəyanətdə suçlandırır. Halbuki məhz bu zaman mən və səfirliyimizin bütün əməkdaşları gecə-gündüz işləyərək bizim həqiqətlərimizi bütün Ukraynada yaymışıq, 10-dan çox Ukrayna federal kanallarının jurnalistlər dəstələrini Azərbaycana göndərmişik, mən özüm isə 17 dəfə (!) Ukrayna federal kanallarında çıxış etmişəm. O ki qaldı “Svoboda slova” verilişində çıxış etməyim, orada da həqiqəti demişəm, çünki aparıcı Şuster auditoriyanı inandımağa çalışırdı ki, Azərbaycan qələbəni yalnız Türkiyə vasitəsilə əldə edib. Mən isə, Türkiyəni “Azərbaycanın dostu və müttəfiqi” adlandıraraq demişəm: “Qələbəni biz özümüz əldə etdik: bizim şanlı əsgər və zabitlərimiz”. Yeri gəlmişkən, cənab Prezident də bu fikri dəfələrlə səsləndirib...”

Hörmətlə,
Elmira Axundova
Əməkdar jurnalist, xalq yazıçısı”

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 oktyabr 2025, 19:02
Top