Deputat: “Bölgədəki istənilən layihə Azərbaycanın iştirakı olmadan mümkün deyil”

DAXİLİ SİYASƏT 22 oktyabr 2025, 17:33
“Azərbaycan Prezidenti İlham Əliyev Nyu-Yorkda ABŞ-da BMT Baş Assambleyasının 80-ci sessiyasında bir sıra rəsmi və qeyri-rəsmi görüşlər keçirib. Görüşlərdə siyasi və iqtisadi liderlər, beynəlxalq təşkilatların və konsorsiumların rəhbərləri iştirak edib.”

Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib.

O deyib ki, bu, xüsusilə Azərbaycanın və Prezident İlham Əliyevin beynəlxalq diqqət mərkəzində olduğunu göstərir:

“Görüşlərin böyük əksəriyyəti qarşı tərəfin təşəbbüsü ilə baş tutub. Azərbaycan bu görüşlərdə həm regiondakı reallıqları dəyişən, həm də suverenliyini və dövlət mövqeyini gücləndirən tərəf kimi diqqət mərkəzindədir. 

Son beş ildə əldə olunan möhtəşəm qələbələr və regionda formalaşan yeni reallıqlar Azərbaycanın strateji mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. 

Cənubi Qafqaz regionu bir çox dövlətlər üçün maraqlı məkan olmaqla yanaşı, Azərbaycanın təklif etdiyi Zəngəzur dəyərləri regionu Asiya ilə Avropanı birləşdirən səmərəli kommunikasiya qovşağına çevirir. Bu qovşaqdan istifadə etmək istəyən dövlətlər gələcəkdə həm iqtisadi, həm də siyasi baxımdan maraqlarını təmin edə biləcəklər. Bütün bu reallıqların fərqində olan beynəlxalq tərəflər bilir ki, bölgədə həyata keçiriləcək istənilən layihə Azərbaycanın iştirakı olmadan mümkün deyil”.

Deputat bildirib ki, bu səbəbdən Azərbaycan Prezidentinə və onun rəhbərlik etdiyi dövlətə beynəlxalq diqqət və maraq dəfələrlə artıb:

“Nyu-York səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşmək və layihələrini müzakirə etmək istəyən tərəflər çoxdur. Bu görüşlər Azərbaycanın əhəmiyyətini, regionun əsas dövlətlərindən biri olduğunu və Prezident İlham Əliyevin rolunu bir daha təsdiqləyir ki, bu da ölkə üçün qürurverici məqamdır”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 oktyabr 2025, 19:02
Top