İstanbul Avropanın ən çox ziyarət edilən şəhərlərindəndir

TURİZM 22 oktyabr 2025, 17:12
Türkiyənin İstanbul şəhəri 2025-ci ilin ilk doqquz ayında 13,5 milyon turist qəbul edərək Avropanın ən çox ziyarət edilən şəhərləri arasında yer alıb.

Demokrat.az
xəbər verir ki,  Asiya və Avropa qitələrinin qovşağında, Bosfor boğazının sahilində yerləşən şəhər həm tarixi irsi, həm də müasir şəhər həyatı ilə səyahətsevərlərin diqqətini cəlb edir.

Böyük Britaniyanın nüfuzlu “Which?” araşdırma mərkəzinin apardığı sorğuya əsasən, İstanbul Avropanın ilk beş ən yaxşı şəhərindən biri seçilib. Eyni zamanda, dünyaca məşhur “Condé Nast Traveller” jurnalının “Reader’s Choice Awards” mükafatında İstanbul “ailəvi istirahət üçün ən ideal şəhərlərdən biri” kimi qiymətləndirilib.

Mütəxəssislər payız mövsümünün başlaması ilə İstanbulun turizm potensialı daha da artdığını qeyd edirlər. Sərin hava və məktəb tətili dövrü şəhəri kəşf etmək üçün əlverişli vaxt hesab olunur.

İstanbulun rəngarəng siması

İstanbul minilliklər boyu imperiyalara ev sahibliyi etmiş zəngin tarixi və mədəni irsi ilə seçilən şəhərdir. UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmiş tarixi yarımadada Ayasofya, Sultanəhməd (Mavi) Məscidi, Topqapı Sarayı və Yerebatan Sarnıcı kimi memarlıq inciləri yerləşir. Qapalıçarşı və Ədviyyat Bazarı isə şəhərin əsrlərdən bəri yaşatdığı ticarət ruhunu bu günə daşıyır.

Şəhərin digər üzü isə müasir mədəniyyət və incəsənətlə zəngindir. Bosfor boğazında gəzinti, iki qitəni birləşdirən bu unikal metropolun sehrini hiss etmək üçün ən gözəl yollardan biridir. Sahil boyunca uzanan “yalı”lar, minarələr və qağayıların səsləri ilə tamamlanan şəhər mənzərəsi səyahətə xüsusi rəng qatır.

İstiqlal küçəsi, Qalataport, Qaraköy kimi mərkəzlərdə yerləşən müasir kafelər, qalereyalar və butik mağazalar İstanbulun yaradıcı ruhunu əks etdirir. Bu mənzərəni tamamlamaq üçün İstanbul Modern, Atatürk Mədəniyyət Mərkəzi (AKM), Arter və Meşher kimi mədəniyyət ocaqları görməli yerlərdəndir.

Payız aylarında İstanbul müxtəlif mədəni tədbir və festivallarla daha da canlanır. Hazırda İstanbul Kino Muzeyində nümayiş olunan "Ceyms Kemeronun Sənəti" sərgisində məşhur rejissorun 300-dən artıq işi yer alıb. Sərgi 2026-cı ilin yazına qədər davam edəcək.

Payız səyahəti

Məşhur fotoqraf Stiv MakKörinin “The Haunted Eye” adlı sərgisi isə noyabrın 30-dək Mimar Sinan Universitetinin Tophane-i Amire Mədəniyyət Mərkəzində ziyarətçilər üçün açıq olacaq.

Bu il İstanbul Biennalesi “Üçayaqlı Pişik” mövzusu ilə Kristina Tohme tərəfindən kuratorluq edilir və tədbir 2025–2027-ci illəri əhatə edən üçillik proqram formatında keçirilir.

Əlavə olaraq, Avstriyada təşkil olunan, “texnoloji incəsənət” sahəsində dünyanın ən nüfuzlu tədbirlərindən biri hesab edilən Ars Electronica festivalı 21–28 oktyabr tarixlərində yalnız Zorlu PSM-də baş tutacaq.

İstanbul Mədəniyyət və İncəsənət Fondunun (İKSV) təşkil etdiyi 29-cu İstanbul Teatr Festivalı 20 oktyabrdan başlayıb və 22 noyabra qədər davam edəcək. Festival çərçivəsində Türkiyə və xarici ölkələrdən 16 teatr və rəqs tamaşası təqdim ediləcək.

İstanbulda payız səyahəti yalnız tarix və mədəniyyətlə deyil, həm də zəngin mətbəx təcrübəsi ilə yadda qalır. Ənənəvi türk səhər yeməkləri, küçə ləzzətləri və modern təqdimatlı restoranlar şəhərə gələnlər üçün unudulmaz dadlar vəd edir.

Şəhərin hər guşəsində qarşılaşa biləcəyiniz kokoreç, kumpir və midyə dolma kimi küçə yeməkləri, İstanbulun gur və rəngarəng mətbəxinin canlı nümunələridir.

Daha incə zövqlərə üstünlük verənlər üçün isə MICHELIN ulduzlu restoranlar Anadolunun kulinariya irsini müasir üslubda təqdim edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 oktyabr 2025, 19:02
Top