"Bazarlarda mal-qara satışı tamamilə dayana bilər" — AÇIQLAMA

SOSİAL 22 oktyabr 2025, 15:23
"Son 15 gündə Azərbaycanda mal-qara arasında dabaq xəstəliyi geniş yayılıb. Ölkənin baytarlıq xidməti tərəfindən davamlı olaraq dabaq əleyhinə peyvəndləmə işləri aparılsa da, hər ilin payız və yaz aylarında bu xəstəlik yenidən müşahidə olunur. Nəticədə heyvanların sağlamlığı zəifləyir – onlar ot yeyə bilmir və təxminən 10 gün ərzində ağır vəziyyətə düşürlər".

Bu sözləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin Beyləqan rayon nümayəndəsi Mehman Əliyev deyib. 

O bildirib ki, ölkəyə diri mal-qara idxalına qadağa qoyulması doğru və vaxtında atılmış addımdır:

"Təbii ki, bu qərar müəyyən nəticələr doğuracaq. Xüsusilə bazarlarda mal-qara satışının azalması və ya tam dayanması mümkündür. Çünki bəzi şəxslər dabaq xəstəliyinə yoluxmuş heyvanları satışa çıxarır və ya bu heyvanların ətini tədarük üçün istifadə edirlər. Buna görə də məhdudiyyətlərin tətbiqi həm insanların, həm də heyvanların sağlamlığı baxımından vacibdir".

Onun sözlərinə görə, qiymətlərdə müəyyən qədər artım ola bilər:

"Lakin dabaq xəstəliyi hər il müşahidə olunan mövsümi bir haldır. Ümid edirəm ki, yaxın zamanda ölkə üzrə vəziyyət sabitləşəcək. 

Xəstəlik hava-damcı yolu ilə yayıldığı üçün, xüsusilə də hazırda vəhşi quşların köç dövrü olduğundan, infeksiyanın sürətlə yayılma riski qalmaqdadır.

Bütün bunlara baxmayaraq, hesab edirəm ki, vəziyyət ciddi fəsadlara səbəb olmayacaq və qiymətlərdə yalnız cüzi dəyişikliklər müşahidə oluna bilər".


Əfsanə Kamal
Demokrat.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top