Ramiz Mehdiyevin ailə bankı bağlanır?

MALİYYƏ 22 oktyabr 2025, 13:00
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb edilməsindən sonra onun ailəsinə məxsus bankın taleyi müzakirə edilir.

Maliyyə hesabatlarına görə, "Bank BTB" ASC bu ilin yanvar-sentyabr aylarını 641 min manat zərərlə başa vurub. Məlum olub ki, bu zərər ötən ilin eyni dövrünə nisbətən 30 % çoxdur.

9 ay ərzində "Bank BTB"nın əməliyyat gəlirləri 30,12 milyon manat (illik müqayisədə 9,3 % çox), əməliyyat xərcləri 25,724 milyon manat (8,4 % çox), xüsusi ehtiyatlara ayırmaları 2,205 milyon manat (4,9 dəfə çox), gözlənilməz xərcləri isə 2,831 milyon manat (27 % az) təşkil edib.

Sentyabrda bank xidmətlərindən istifadə sahəsində müştəri şikayətləri üzri isə "Bank BTB" ASC 5,46 şikayət indeksi ilə ən çox şikayət edilən banklardan biri kimi qırmızı zolaqda qərarlaşıb.

Belə olan halda "Bank BTB” bağlana biləcəyi, lisenziyasının ləğvi barədə müzakirələr aparılır.

Demokrat.az-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün bankın fəaliyyəti barədə danışıb.

O qeyd edib ki, "Bank BTB”nin fəaliyyətində dayanıqlılıqla bağlı hər hansı bir problem yoxdur.

Taleh Kazımov bildirib ki, bankın aktivləri sektorun aktivlərinin 1%-dən aşağıdır.

"Son illər apardığımız nəzarət tədbirləri çərçivəsində bankın dayanıqlılığı möhkəmlənib. Bank bütün prudensial tələblərə riayət edir. Bankdakı əmanətləri 96,3%-i sigortalıdır" - AMB sədri əlavə edib.

Xatırladaq ki, "Bank BTB" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 71,45 milyon manatdır. Bankın səhmlərinin 76,74 %-i Nigar Mehdiyevaya, 17,68 %-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 5,58 %-i isə Tükəzban Mahmudovaya məxsusdur. Nigar Mehdiyeva Ramiz Mehdiyevin gəlinidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top