“Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı”nın nəticələri açıqlanıb — FOTOLAR

MƏDƏNİYYƏT 22 oktyabr 2025, 13:48
"Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı" çərçivəsində təşkil olunmuş müsabiqənin nəticələrinə dair oktyabrın 22-də Bakı Dost Mərkəzində mətbuat konfransı keçirilib.

Demokrat.az xəbər verir ki, konfransda çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova mədəniyyət və yaradıcı sənayeləri üzrə sistemli və əsaslı fəaliyyətə Prezident İlham Əliyevin 2022-ci il tarixli Sərəncamı ilə başlanıldığını bildirib. Həmin sərəncamla təsdiq edilmiş 2022–2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyasının tədbirlər planında bu sahənin dinamik inkişafının təmin edilməsi, ixrac potensialının gücləndirilməsi istiqamətində öz əksini tapan nəticə indikatorların bu sahədə əsas hədəflər kimi müəyyən edilib.

Səadət Yusifovanın sözlərinə görə, bu tendensiyaları Azərbaycanda da tətbiq etmək məqsədilə əsas prioritetlər dayanıqlı inkişafın təmin olunması, insan kapitalının gücləndirilməsi və ixrac imkanlarının artırılmasıdır. Bu istiqamətdə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin sayının 5 faiz, mədəni və yaradıcılıq sənayesinin ÜDM-də payının 10 faiz, ixrac göstəricilərinin isə 10 faiz artırılması planlaşdırılır. Eyni zamanda, beynəlxalq əməkdaşlıq platformalarında iştirak edənlərin sayının 10 faiz artırılması qarşıya məqsəd qoyulub.

Səadət Yusifova bildirib ki, strategiyanın tədbirlər planında müasir və rəqabətədavamlı yaradıcılıq sahələrinin tələblərinə uyğun sertifikat proqramlarının, eləcə də xaricdə təhsil üçün xüsusi təqaüd proqramının yaradılması nəzərdə tutulur. Bu istiqamətdə əsas icraçı qurum isə Mədəniyyət Nazirliyidir.

Mədəni və yaradıcılıq sənayesi subyektlərindən min nəfərin bacarıqlarının artırılması, onların sertifikatlaşdırılması, 60 nəfərin isə xaricdə təhsil alması planlaşdırılıb. Bununla yanaşı, xüsusi təhsil proqramlarının yaradılması da prioritet istiqamətlərdən biri kimi müəyyən edilib.

Səadət Yusifova qeyd edib ki, bu tədbirlər vasitəsilə sektorun davamlı inkişafına və Azərbaycanın beynəlxalq bazarlarda mövqelərinin möhkəmlənməsinə nail olunması nəzərdə tutulur.

“Nazirliyin Kollegiya qərarı ilə Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı təsdiqlənib. Bu proqram yaradıcılıq sahələrində peşəkar kadrların hazırlanması, ixtisaslaşmanın təşviqi və innovativ yanaşmaların inkişafını hədəfləyir. Proqram çərçivəsində teatr, dizayn, memarlıq, oyun sənayesi, audiovizual sənət, performans və yaradıcı texnologiyalar üzrə gənclərə dəstək göstərilir”, - deyə o qeyd edib.

Diqqətə çatdırılıb ki, hazırda 44 təqaüdçü 16 ölkənin 33 ali təhsil müəssisəsində təhsil alır.

Nazir müavini vurğulayıb ki, bu gün qlobal iqtisadiyyat getdikcə daha çox yaradıcılıq, bilik və innovasiyalara əsaslanır. “Mədəni və yaradıcılıq sənayeləri artıq təkcə mədəni fəaliyyət sahəsi deyil, həm də iqtisadiyyatın ən dinamik və gəlirli istiqamətlərindən birinə çevrilib. Bu sahənin inkişafının əsas şərti isə insan kapitalıdır — bacarıqlı, müasir düşüncəyə malik və təşəbbüskar şəxslərin formalaşmasıdır”, - deyə o vurğulayıb.

Son illərdə bu istiqamətdə sahibkarlıq subyektlərinin sayında ciddi artım müşahidə olunur. Statistik məlumatlara əsasən, bu subyektlərin sayı 2022-ci ildə 21 022, 2023-cü ildə 22 024, 2024-cü ildə 22 852, 2025-ci ilin ilk altı ayında isə 23 990-a çatıb.

Sonra təqaüd proqramının qalibləri haqqında məlumatları özündə əks etdirən videoçarx nümayiş olunub.

Daha sonra çıxış edən mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov bildirib ki, xarici ölkələrdə təhsil almaq istəyən hər bir Azərbaycan vətəndaşı “Mədəniyyət və yaradıcı sənayeləri üzrə Xüsusi Təqaüd Proqramı”na müraciət edə bilər.

Onun sözlərinə görə, müraciətlər diqqətlə yoxlanılır və prosesin təşkili xüsusi komissiya tərəfindən həyata keçirilir.

“Proses tam şəffaf şəkildə və kameralar altında aparılır. Qiymətləndirmə anonim şəkildə həyata keçirilir”, - deyə o vurğulayıb.

Sonra qaliblərin adları açıqlanıb və jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 oktyabr 2025, 15:45
Top