Prezidentin Qazaxıstana dövlət səfəri türk xalqları arasında həmrəyliyin gücləndirilməsinə xidmət edir

XARİCİ SİYASƏT 22 oktyabr 2025, 13:16
Azərbaycan Respublikası bütün yaxın-uzaq ölkələrlə qarşılqılı faydalı əməkdaşlığa, ikitərəfli, eyni zamanda çoxtərəfli formatlarda ayrı-ayrı dövlətlərlə əlaqələri inkişaf etdirməyə üstünlük verir. Bakının xarici siyasətində Türk dünyası, türkdilli ölkələrlə əməkdaşlıq, bu əlaqələri istər Türk Dövlətləri Təşkilatı daxilində, istərsə də ikitərəfli formatda daha da inkişaf etdirmək prioritet təşkil edir. Bu məqsədlə Azərbaycan TDT-yə üzv ölkələrin hər biri ilə əməkdaşlığa, onu inkişaf etdirməyə xüsusi önəm verir. Elə Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfərinə dəvət olunması da məhz bu önəmdən, Bakının türk dünyası ilə əlaqələrə daha çox diqqət ayırmasından irəli gəlir.

Azərbaycan Prezidentinin Qazaxıstana dövlət səfərinə diqqət yetirən “Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” ictimai birliyinin sədri İlham İsmayılov Newscenter.az-a deyib ki, Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri həm Azərbaycan–Qazaxıstan münasibətləri baxımından, həm də ümumilikdə türk dünyasının birliyi və əməkdaşlığı kontekstində olduqca əhəmiyyətlidir. Onun sözlərinə görə, bu cür yüksək səviyyəli səfərlər strateji tərəfdaşlıq münasibətlərinin dərinləşməsinə, regional əməkdaşlıq formatlarının güclənməsinə və ortaq mədəni-siyasi dəyərlərin möhkəmlənməsinə xidmət edir:

“Azərbaycan və Qazaxıstan tarixi, mədəni və dil baxımından ortaq köklərə malik olmaqla yanaşı, iqtisadi və siyasi sahədə də sıx əməkdaşlıq edir. Səfər çərçivəsində imzalanan sənədlər, aparılan danışıqlar və qarşılıqlı bəyanatlar göstərir ki, iki ölkə arasında ticarət və investisiya əməkdaşlığı genişlənir, nəqliyyat və logistika sahəsində, xüsusən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzrə əməkdaşlıq gücləndirilir. Bundan başqa energetika, kənd təsərrüfatı, rəqəmsal transformasiya sahələrində əməkdaşlığa dair yeni razılaşmalar əldə edilir. Bütün bunlar isə öz növbəsində iki ölkənin strateji tərəfdaşlıq səviyyəsini daha da yüksəldir”.

ATXƏM sədri qeyd edib ki, İlham Əliyevin Qazaxıstana səfəri Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində inteqrasiyanın möhkəmləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır:

“Bu səfər həm də Türk dövlətləri arasında həmrəylik və siyasi birliyi nümayiş etdirir. Ölkələr arasında nəqliyyat, enerji və iqtisadi əlaqələrin daha sıx koordinasiyası türk dünyasının ümumi inkişafına töhfə verir.Bu səfər, Türk dövlətləri arasında vahid geosiyasi və iqtisadi məkan qurmaq istiqamətində mühüm addımlardan biri kimi qiymətləndirilə bilər”.

İlham İsmayılov onu da qeyd edib ki, Azərbaycan və Qazaxıstan, Avrasiya məkanında nəqliyyat-logistika qovşaqları olaraq böyük əhəmiyyətə malikdirlər:

“Bu səfər nəticəsində Çin–Avropa ticarət dəhlizlərində əməkdaşlığın genişlənməsinə imkan yaradacaq. Xəzər regionunda təhlükəsizlik və sabitlik məsələlərində ortaq mövqe gücləndiriləcək. Bir sözlə, Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri təkcə iki ölkə arasında münasibətlərin daha yüksək mərhələyə keçməsi deyil, eyni zamanda türk dünyasının birliyinə, Avrasiya inteqrasiyasına və regional sabitliyə töhfə verən əhəmiyyətli geosiyasi hadisədir. Bu səfər türk xalqları arasında həmrəyliyin və ortaq gələcək vizyonunun gücləndirilməsinə xidmət edir”.

İlham İsmayılovun sözlərinə görə, bu səfər həm də Azərbaycanın türk dünyasının inteqrasiyasında daha çox təşəbbüskar, maraqlı tərəf olduğunu bir daha təsdiqləyir:

"Təkcə Qazaxıstanla deyil, eyni zamanda digər türk dövlətləri ilə rəsmi Bakı çox yüksək səviyyəli əlaqəılər qurur. Bu istiqamətdə həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, Türk Dövllətləri Təşkilatına o qədər də maraqlı olmayan Türkmənistan belə artıq təşkilatın tədbirlərində təmsil olunur, üzv ölkələrlə əlaqələrə daha çox diqqət ayırır. Bir müddət əvvəl Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdimuhammedovun Qarabağa, Şuşaya səfər etməsi, ardınca TDT-nin Qəbələ zirvə görüşündə iştirakı deyilənlərin sübutudur".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top