Əsarəti, köləliyi, talançılığı, zülmü, qardaş nifrətini, qatilliyi yaradan insanın özüdür, inamı öldürən, insanı yox edən, mənəviyyatı mənəviyyatsızlığa çevirən də insanın özüdür. Adama mənəvi əzab verən və ondan ləzzət, həzz alan insandır. Bəzən insan özü-özünə sual verir ki, niyə bu günə düşdük, yaxşılıqda nə əbləhlik gördük ki, onu atıb pisliyə üz tutduq?
Ayrı-ayrı filosofların, pedaqoqların bu barədə yazdıqlarını təkrar-təkrar oxusaq da, yenə sualın cavabı natamam qalır. Yazıqlar olsun ki, insan xislətində ki, yamanlıqları dəf etməyə çalışdığımız bir vaxtda bu fənalıqların üzərinə daha dəhşətli mənəvi bəlalar əlavə olunur. Dünyagirlik, pataloji təhriflər, nəfsin "fatehlik" iştahası, hər yerə uzanan və hər şeyi qabaqlayan nəfsin qara əlləri, adamları işgəncə ilə öldürəndən zövq alan insan nüsxələri...
Böyük yaradan öz bəndələrinə öyrənilməsi zəruri olan üç ilahi hikmət kitabı bəxş etmişdir.
Birincisi, günəşli, aylı, ulduzlu, dağlı, məşəli, çəmənli, heyvanat və nəbatat aləmidir.
İkincisi, tanrının vəh kitabı və nəhayət insanın özüdür. İnsan özü-özünü dərk etməyincə nə cəmiyyət, nə səmavi kitabın mənasını dərk edər, nə də ki, kainatın əsrarına vaqif olub ondan faydalana bilər.
Təəssüflər olsun ki, yerləri, göyləri dərk edən insan özünü dərk edə bilmir. Həyatımızdan və ölümdən qorxduqca uduzmuşuq. İnsanın azadlığı onun arzuları ilə imkanları arasındakı tərs mütənasiblik əmsalı qədərdir. İblis və tanrı haqqında düşüncələrim özüm haqda düşüncələrimə əlavədir.
P.S. Bu yazımı tanınmış ictimai xadim, Türk Dünyası Əməkdaşlıq Mərkəzinin başqanı, əziz dostum İlham İsmayılova həsr edirəm...
Cəfər Cəfərli Yazıçı-filoloq


