ABŞ Rusiya - Ukrayna müharibəsindəki əhəmiyyətini göstərmək məqsədi ilə yenidən Kiyevlə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmaq qərarına gəlib və bununla da Ukraynanı Rusiya qarşısında çətin vəziyyətdə qoyub.
Demokrat.az xəbər verir ki, 2025-ci ilin martında Kiyevlə Vaşinqton arasında yaşanan məlum diplomatik mübahisə fonunda ABŞ kəşfiyyat əməkdaşlığını qısa müddətə dayandırmışdı. Nəticədə Rusiyanın hava zərbələri Ukraynanı hazırlıqsız yaxalamış və ölkənin müxtəlif şəhərlərindəki çoxsaylı kritik infrastruktur obyektlərinə ciddi ziyan vurmuşdu.
Daha sonra, bu ilin 11 oktyabr ayında, bazar ertəsi axşamı Rusiyanın ballistik raketləri Kiyevə zərbə endirərkən şəhər sakinləri bu hücuma yenidən hazırlıqsız yaxalandılar. Əvvəlcədən hava həyəcanı siqnalları verilmədi; partlayışlar paytaxtı sarsıdarkən sakinlər çaşqın vəziyyətdə qaldılar və sığınacağa keçməyə vaxtları olmadı. Hətta hava hücumundan müdafiə qüvvələri belə hava hücumunun qarşısını almaq üçün kifayət qədər tez və operativ reaksiya verə bilmədilər.
Rusiyanın Kiyev və digər şəhərlərə endirdiyi dağıdıcı zərbələrdən sonra Zelenski bildirdi ki, Rusiya raketləri Kiyevdəki istilik-elektrik stansiyasına düşərək şəhərin böyük bir hissəsini işıqsız qoyub və Ukrayna hücumdan əvvəl Qərb müttəfiqlərindən Rusiyanın hücumu barədə heç bir kəşfiyyat məlumatı almayıb.
Zelenskinin bəyanatı Trampın bu yaxınlarda səsləndirdiyi xəbərdarlığı yada salır. Tramp Ukrayna liderini Putinlə atəşkəs sazişi imzalamaqdan imtina etdiyinə görə sərt tənqid etmiş və Putini Zelenskidən daha çox sülhə meylli şəxs kimi təqdim etmişdi.
O, Ukrayna prezidentindən Putinlə razılığa gəlməyi tələb edərək əlavə etmişdi ki, "əgər o, sözə qulaq asmırsa, vəzifəsini tərk etməlidir".
"Mən Zelenskidən Rusiyaya, xüsusilə də dizel yanacağı istehsal edən neft emalı zavodlarına zərbə endirməməyə çağırmışdım. Lakin o, mənim sözümə qulaq asmadı. Ukraynaya başqa lider lazımdır!" – deyə Tramp keçən həftə Ohayoda seçki kampaniyası çərçivəsindəki çıxışı zamanı bildirmişdi.
Qeyd etmək lazımdır ki, bu hadisələrdən əvvəl - xüsusilə də oktyabrın 10-da Putinlə son telefon danışığından sonra - Tramp Rusiya prezidenti ilə ABŞ-a külli miqdarda dizel yanacağı tədarükü barədə razılığa gəldiyini açıqlamışdı. Sövdələşmə bir milyon ton dizel yanacağını əhatə edir.
Tramp həmçinin bildirmişdi ki, həcmi 300 min ton olan ilk partiyanın tədarükünə tezliklə başlanılacaq. O, amerikalı fermerlərə yaxın gələcəkdə yanacaq qiymətlərinin əhəmiyyətli dərəcədə aşağı düşəcəyini vəd etmişdi.
Bu proseslər fonunda ekspert dairələrində belə bir fikir üstünlük təşkil etməyə başlayıb ki, ABŞ Ukraynadan imtina edir. Yəni Ağ Evin faktiki olaraq tam təslimçiliklə bərabər tutulacaq atəşkəs təklifinə qarşı çıxan, Trampın təzyiqlərinə müqavimət göstərən Zelenski ölkəsi ilə birlikdə "xərclənir". Hazırda bu ABŞ rəhbərliyinin mövqeyi olaraq qalır və məsələ ilə bağlı Vaşinqton hələlik heç bir avropalı tərəfdaşı ilə onu müzakirə etməyib.
Hələlik isə Ukrayna hakimiyyəti bütün ümidlərini bu yaxınlarda ölkənin Silahlı Qüvvələrinin döyüş qabiliyyətini artırmaq və öz təhlükəsizliyini təmin etmək üçün əsas silahların – sırf raketlərin və pilotsuz aparatların tədarükü və istehsalı üçün – növbəti maliyyə tranşını ayırmağa razılaşan Avropa Birliyinə bağlayır.
Alparslan


