YapiKredi Müraciət Forması
Özəl Təhlil Dünya

Türkiyə hansı ölkələrə, nə qədər və hansı növ silahlar satır? — Təhlil

Türkiyə hansı ölkələrə, nə qədər və hansı növ silahlar satır? — Təhlil

Türkiyə Prezidenti Administrasiyası Müdafiə Sənayesi İdarəsinin rəhbəri bildirib ki, müdafiə və aerokosmik sektorlarda bağlanmış bütün müqavilələrin ümumi dəyəri 2026-cı ildə 15 milyard dollara çatıb və ilin sonuna qədər bu rəqəmin 20 milyard dollara yüksəlməsi gözlənilir.

"Bu, ölkənin ümumi mal ixracının 7,3%-ni təşkil edir", - deyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün bildirib.

Məsələ ilə bağlı Demokrat.az Türkiyənin hərb sənayesinin mövcud imkanlarını və əsas ixrac istiqamətlərini təhlil edib.

Türkiyədə müdafiə məhsullarının əsas istehsalçıları kimlərdir?

2026-cı il etibarilə Türkiyədə silahlanmanın işlənib hazırlanması, istehsalı və ixracı ilə məşğul olan 3500-dən çox şirkət fəaliyyət göstərir. Ölkənin hərbi-sənaye kompleksi 82% nisbətində özünü təmin edir və onun illik gəliri son 24 il ərzində 20 dəfə artaraq 1 milyard dollardan 20 milyard dollara çatıb. Türkiyənin əsas müdafiə sənayesi nəhəngləri sırasına aşağıdakılar daxildir:

1) Aselsan. Bu şirkət dünyanın ən böyük 100 silah istehsalçısı siyahısında 40-cı yerdə qərarlaşıb. Aselsan rabitə avadanlıqları, radar sistemləri, sensorlar, müşahidə və aşkarlama sistemləri, raket sistemləri və onların komponentləri, lazer sistemləri və digər məhsullar istehsal edir.

2) "Turkish Aerospace Industries" dünya müdafiə şirkətləri arasında 48-ci yerdədir. Aviasiya sektorunda ixtisaslaşan şirkət təyyarələr, helikopterlər, pilotsuz sistemlər, peyk sistemləri, aerokosmik vasitələr və digər məhsullar istehsal edir.

3) "Arca Defence" dünyanın ən böyük 100 müdafiə şirkəti siyahısında 53-cü yerdə qərarlaşıb. Şirkət sursat və partlayıcı maddələrin istehsalı üzrə ixtisaslaşıb.

4) 64-cü yerdə olan "Roketsan" isə raketlər, mərmilər, qumbaraatanlar, raket buraxılış sistemləri, hava hücumundan müdafiə sistemləri və kosmik peyk daşıyıcı raketlərin istehsalı ilə məşğuldur.

5) Dünyanın ən yaxşı 100 müdafiə şirkəti arasında 81-ci yerdə qərarlaşan MKE; atıcı silahlar, artilleriya sistemləri və sursatlar istehsal edir.

6) Türkiyənin digər tanınmış müdafiə və hərbi sənaye istehsalçıları sırasına pilotsuz uçuş aparatlarının (PUA) istehsalı üzrə ixtisaslaşmış STM və Baykar;

7) Döyüş texnikaları istehsal edən Asfat, Otokar və Nurol Holding;

8) Həmçinin aviasiya sistemlərinə diqqət yetirən Alp Aviation və SSTEK şirkətləri daxildir.

Xaricdə ən çox tələb olunan Türkiyə istehsalı silahlar hansılardır?

Hazırda Türkiyə dünyanın 11-ci ən böyük silah ixracatçısıdır. Türkiyə istehsalı olan müdafiə sistemləri qlobal bazarın 1,8%-ni təşkil edir.

Ən çox tələb olunan türk silahları sırasına aşağıdakılar daxildir:

- pilotsuz uçuş aparatları (PUA);

- zirehli texnika və avtomobillər;

- korvetlər və patrul gəmiləri;

- raketlər və sursatlar;

- radioelektron mübarizə (REM) vasitələri və radar sistemləri;

- tapançalar, tüfənglər və avtomat silahlar kimi atıcı silahlar.

Türkiyədən kimlər silah alır?

Türkiyənin müdafiə sənayesi məhsulları dünyanın 180-dən çox ölkəsinə ixrac olunur. Əsas alıcılar dörd regionda cəmlənib:

Yaxın Şərq. Bu regionda Türkiyə silahlarının əsas idxalçıları Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Küveyt və İraqdır.

Cənub-Şərqi Asiya: Bu regionda Türkiyənin müdafiə məhsullarını ən çox alan ölkələr İndoneziya, Malayziya və Pakistandır;

Afrika: Burada Türkiyə istehsalı olan müdafiə sistemlərini Mərakeş, Əlcəzair, Efiopiya, Niger, Mali, Somali və Misir idxal edir;

Avropa: Türkiyə silahlarına maraq göstərən Avropa ölkələri arasında Polşa, Rumıniya, Albaniya, Latviya, Böyük Britaniya və İtaliya ön sıralardadır.

Cənubi Qafqaz ölkələri arasında Azərbaycan və Gürcüstan Türkiyə istehsalı olan silahları satın alırlar. Azərbaycan əsasən pilotsuz uçuş aparatları və raket sistemləri, Gürcüstan isə döyüş texnikası alır.

Türkiyədən kiçik çaplı silahlar idxal edən ən böyük tərəflər ABŞ və Cənubi Amerika ölkələridir.

Əsas iri həcmli hərbi kontraktlar

2025-ci ildə İndoneziya ilə TAI tərəfindən istehsal olunan 48 ədəd beşinci nəsil KAAN qırıcı təyyarəsinin ixracına dair ən böyük müqavilə imzalandı. Dəyəri 10 milyard dollar olan bu müqavilə çərçivəsində tədarüklərin 2034-cü ilə qədər davam etməsi nəzərdə tutulur.

Türkiyə istehsalı olan pilotsuz uçuş aparatları (PUA) ilə bağlı ən böyük müqavilə 2026-cı ilin əvvəlində Səudiyyə Ərəbistanı ilə bağlanlb: "Baykar" şirkəti bu Yaxın Şərq ölkəsinə 60 ədəd "Bayraktar Akıncı" PUA-sı tədarük etməyi öhdəsinə götürüb.

2018-ci ildə Pakistan STM şirkəti tərəfindən inşa edilən dörd ədəd "Milgem" sinfinə aid korvetin tədarükü ilə bağlı Türkiyə ilə müqavilə imzaladı. Bu razılaşma Türkiyə müdafiə sənayesinin dənizçilik sektorunda bağlanmış ən böyük müqavilədir.

Alparslan

Editor
Redaktor