Kotletlərin daha dadlı və şirəli alınması üçün onları qızartmazdan əvvəl düzgün ərzaqla örtmək vacibdir. Ənənəvi olaraq bu məqsədlə un və suxarıdan istifadə edilsə də, qarğıdalı yarması və manna yarması da yaxşı nəticə verir.
Demokrat.az xəbər verir ki, Ukraynanın UNİAN nəşri kotletlər üçün alternativ panir növlərini və əlləri çirkləndirmədən bu prosesi həyata keçirməyin üsulunu açıqlayıb.
Məlumata görə, un kotletlərin üzərində nazik və zərif qabıq yaradır, suxarı isə daha xırtıldayan qat əmələ gətirir. Bununla belə, suxarı qızartma zamanı daha çox yağ uda bilər. Qarğıdalı yarması isə nazik, iştahaaçan qabıq yaradır və yeməyə xoş, qozabənzər dad verir. Xüsusilə xırda üyüdülmüş qarğıdalı yarması balıq kotletləri üçün münasib seçim sayılır.
Digər alternativ manna yarmasıdır. O, kotletlərin formasını qorumağa, dağılmasının qarşısını almağa və içəridəki nəmin saxlanmasına kömək edir. Ev şəraitində ağ çörəkdən hazırlanan suxarı qırıntılarından da istifadə etmək mümkündür. Bunun üçün çörək dilimləri 180 dərəcədə təxminən 10 dəqiqə sobada qurudulur, daha sonra blenderdə və ya sürtgəcdə xırdalanır.
Məqalədə kotletləri panir edərkən əlləri təmiz saxlamağın sadə üsulu da tövsiyə olunur. Bunun üçün un və ya suxarı dərin, qapaqlı qaba tökülür, formaya salınmış kotletlər içərisinə yerləşdirilir və qabın qapağı bağlanaraq yüngülcə çalxalanır. Beləliklə, kotletlər panirlə bərabər örtülür, əllər isə çirklənmir.
Jalə


