YapiKredi Müraciət Forması
Özəl Sağlamlıq

Dişlərdə kariyes riskini azalda bilən içki açıqlandı

Dişlərdə kariyes riskini azalda bilən içki açıqlandı

Şəkər əlavə edilməmiş təbii zoğal şirəsi diş ərpinin yaranmasını ləngidə və diş minasına zərər verən bakteriyaların turşu istehsalını azalda bilər. ABŞ-ın İllinoys Universitetinin Çikaqo kampusunun alimləri bu qənaətə gəliblər.

Demokrat.az xəbər verir ki, "Scientific Reports" jurnalında dərc olunan tədqiqatın nəticələrinə görə, eksperimenti 22 nəfər – 14 uşaq və 8 böyük iştirakçı üzərində aparıblar. Onlar üç qrupa bölünüblər: birinci qrup şəkərsiz, 100 faizlik zoğal şirəsi, ikinci qrup şəkər əlavə edilmiş və tərkibində 27 faiz zoğal şirəsi olan içki, üçüncü qrup isə adi su qəbul edib.

Tədqiqatçılar iştirakçıların gecə ərzində dişlərində toplanan ərp nümunələrini götürüb, içkilər qəbul edildikdən 30 dəqiqə sonra analizi təkrarlayıblar. Nəticələr göstərib ki, təbii zoğal şirəsi qəbul edən həm uşaqlarda, həm də böyüklərdə diş ərpinin yaranması ləngiyib, turşu istehsal edən bakteriyaların aktivliyi azalıb.

Alimlər bu təsiri zoğalın tərkibində olan proantosianidinlərlə – bakteriyaların səthlərə yapışmasına mane ola bilən təbii polifenol birləşmələri ilə əlaqələndirirlər. Diş ərpindəki bakteriyalar qidadan alınan şəkərləri parçalayaraq turşular əmələ gətirir. Bu turşular zamanla diş minasının mineral tərkibinə zərər vurur və kariyesin yaranmasına şərait yaradır.

Bununla belə, tədqiqatçılar nəticələrin təsdiqlənməsi üçün əlavə araşdırmalara ehtiyac olduğunu bildirirlər. İştirakçıların sayının az olması və müşahidənin cəmi 30 dəqiqə davam etməsi səbəbindən zoğal şirəsinin uzunmüddətli istifadəsinin kariyesin qarşısını aldığı barədə qəti nəticə çıxarmaq mümkün deyil.

Jalə