YapiKredi Müraciət Forması
Maraqlı Özəl

Balıq qızardarkən xırt-xırt olması üçün aşpazın üsulu – Əsas sirr buzlu sudadır

Balıq qızardarkən xırt-xırt olması üçün aşpazın üsulu – Əsas sirr buzlu sudadır

Balığın qızardılmasında ən çox rast gəlinən problemlərdən biri onun ya həddindən artıq quruması, ya da çox yağlı və qalın örtüklə hazırlanmasıdır. Şef-aşpaz Alfredo Vozmediano isə bu problemi həll etmək üçün Yapon mətbəxində geniş istifadə olunan tempura üsulundan yararlanmağı məsləhət görür.

Demokrat.az xəbər verir ki, bu barədə "El Espanol" yazıb.

Bu üsulda un, çox soyuq su və duzdan hazırlanan yüngül xəmir istifadə olunur. Xəmirə bir neçə buz kubunun əlavə edilməsi isə onun temperaturunu aşağı saxlamağa kömək edir. Mütəxəssisə görə, soyuq xəmir unun tərkibində qlütenin yaranmasını ləngidir və nəticədə yağda qızardılarkən daha nazik, yüngül və xırtıldayan təbəqə əmələ gəlir.

Xəmir kifayət qədər soyuq olmadıqda örtük daha qalın və elastik, hətta rezinəbənzər ola bilər. Buna görə də tempura hazırlanarkən xəmir olan qabın buz üzərində saxlanılması tövsiyə edilir.

Bu üsul xüsusilə treska, hek, dəniz dili, sardina və karides kimi quruluşunu qızartma zamanı qoruyan məhsullar üçün uyğundur. Eyni texnika bibər, badımcan, kabaçki və soğan halqalarının hazırlanmasında da istifadə edilə bilər.

Tempura üsulu ilə balıq üçün lazım olanlar:
- 4 ədəd ağ balıq filesi;
- 150 qram buğda unu;
- 200 ml çox soyuq su;
- 3-4 buz kubu;
- bir çimdik duz;
- qızartmaq üçün kifayət qədər bitki yağı.

Hazırlamaq üçün əvvəlcə un, buz kimi soyuq su və duz qarışdırılır. Xəmirin tam hamar olması vacib deyil. Balıq filesi kağız dəsmalla yaxşıca qurudulur və yüngülcə duzlanır. Daha sonra hər tikə əvvəlcə una bulandırılır, artıq un silkələnir və balıq soyuq xəmirə batırılır.

Balıq bol isti yağda qızardılır. Mənbədə yağın temperaturunun təxminən 170-180 dərəcə olması və balığın 2-3 dəqiqə ərzində, açıq qızılı rəng alana qədər bişirilməsi tövsiyə olunur. Hazır balıq yağdan çıxarıldıqdan sonra artıq yağın süzülməsi üçün tor üzərinə və ya kağız dəsmalın üzərinə qoyulur.

Aşpazın fikrincə, bu üsul balığın içəridə şirəli qalmasına, üzərində isə nazik və xırtıldayan örtük yaranmasına imkan verir. Ən yaxşı nəticə üçün hazır yeməyi dərhal süfrəyə vermək məsləhətdir.

Jalə