ABŞ-da yaşayan 26 yaşlı Angelique Khieu iş yerinə çatmaq üçün hər həftə üç dəfə təyyarədən istifadə edir. Los-Ancelesdə yaşayan gənc qadın San-Fransiskodakı ofisində işləmək üçün səhər saat 04:30-da yuxudan oyanır və uzun yol qət edir.
Demokrat.az xəbər verir ki, bu barədə "Onedio" nəşri məlumat yayıb.
Texnologiya sektorunda satış sahəsində çalışan Khieu-nun şirkəti əməkdaşların həftədə üç gün ofisdə olmasını tələb edir. Bu səbəbdən o, ofisə getməli olduğu günlərdə səhər tezdən avtomobili ilə hava limanına yollanır və saat 06:00-da uçan təyyarəyə minir.
Təxminən 1,5 saat davam edən uçuşdan sonra San-Fransiskoya çatan Khieu ictimai nəqliyyatdan istifadə edərək iş yerinə gedir. O, əksər hallarda səhər saat 08:30-da artıq iş masasının arxasında olur.
Geri qayıdarkən də eyni marşrutla hərəkət edən gənc qadının hər iki şəhərdə qalmağa yeri var. Ofisdə işlədiyi günlər ardıcıl olduqda gecəni San-Fransiskoda keçirir, daha sonra Los-Ancelesə qayıdır.
Khieu ilin ilk yarısında bu rejimi demək olar ki, hər həftə davam etdirib və ay ərzində 6-10 dəfə təyyarə ilə uçub. Hazırda isə səfərlərinin sayını bir qədər azaldıb.
Onun sözlərinə görə, bu həyat tərzində ən çətin məqam biletləri vaxtında əldə etməkdir. Khieu uçuş biletlərinin əksəriyyətini səfərdən cəmi bir gün əvvəl alır. Bir dəfə uçuşun əvvəlcə gecikməsi, daha sonra isə ləğv edilməsi səbəbindən çətin vəziyyətə düşüb. Növbəti reysin yalnız ertəsi gün günortadan sonra həyata keçiriləcəyi məlum olduqda o, daha dörd sərnişinlə birlikdə avtomobil kirayələyərək iki şəhər arasındakı yolu yeddi saata qət edib. Nəticədə səhər saat 08:00-da keçiriləcək görüşdən cəmi yarım saat əvvəl evə çata bilib.
Khieu ətrafındakı insanların onun bu qərarını qeyri-adi hesab etdiyini desə də, özü üçün təyyarə ilə işə getməyin artıq adi hala çevrildiyini bildirir. Uşaqlıqdan təyyarələrə marağı olduğunu deyən gənc qadın səfərlərini sosial şəbəkələrdə də paylaşır. Onun bu barədə yayımladığı video təxminən 700 min dəfə izlənilib.
Khieu eyni marşrutla uçan çoxsaylı insanın olduğunu, zaman keçdikcə bəzi sərnişinləri mütəmadi olaraq görməyə başladığını və hətta kabin heyətinin də onu tanıdığını söyləyib.
Gənc qadın şəxsi həyatını pozmaq istəmədiyini, lakin başqa şəhərdəki işin karyerası baxımından düzgün seçim olduğuna inandığını vurğulayıb. Onun sözlərinə görə, övladlarının həyatını köklü şəkildə dəyişmək istəməyən bəzi valideynlər də oxşar üsula əl atırlar.
Jalə


