YapiKredi Müraciət Forması
Özəl Avto

Dizellə işləyən maşınlar ucuzlaşacaq? — Bazarda vəziyyət dəyişir

Dizellə işləyən maşınlar ucuzlaşacaq? — Bazarda vəziyyət dəyişir

Azərbaycanda daxiliyanma mühərrikli minik avtomobillərinin mərhələli şəkildə istismardan çıxarılması nəzərdə tutulur. Strategiyaya uyğun olaraq, 2035-ci ilədək ənənəvi avtomobil parkının ilkin mərhələdə yenilənməsi və elektromobillərin payının artırılması planlaşdırılır. 2060-cı ilə qədər isə sərnişin avtomobilləri parkında alternatif enerjili nəqliyyat vasitələrinin payının 100 faizə çatdırılması hədəflənir.

Bu qərar hazırda sözügedən mühərrikli avtomobil qiymətlərinə necə təsir edəcək? Vətəndaşlar böyük itki ilə üzləşməmək üçün nə etməlidirlər? Yeniliyin tətbiqinin tam reallaşması nə dərəcədə mümkün görünür?

Nəqliyyat üzrə mütəxəssis Razil Nağıyev Demokrat.az-a bildirib ki, daxiliyanma mühərrikli avtomobillərin kütləvi dəyərsizləşməsi gözlənilmir.

Dizellə işləyən maşınlar ucuzlaşacaq? — Bazarda vəziyyət dəyişir

"Bu, daxiliyanma mühərrikli avtomobillərin həmin tarixədək qadağan olunacağı demək deyil. Avtomobil qiymətlərinə idxal xərcləri, vergi və gömrük qaydaları, valyuta məzənnəsi, avtomobilin yaşı və bazardakı tələb təsir edir. Elektrik və hibrid avtomobillərin idxalı üzrə əvvəlki ƏDV güzəştlərinin 2026-cı ildən ləğv olunması da bu avtomobillərin qiymətinə təsir göstərə bilər. Bu dəyişiklik daxiliyanma mühərrikli avtomobillərin qadağan edilməsi ilə bağlı deyil. Uzun müddətdə elektromobillərə marağın artması köhnə və yanacaq sərfiyyatı yüksək olan benzin və dizel avtomobillərinin təkrar satış qiymətinə təsir edə bilər. Ancaq bu, gələcək dövlət siyasətindən, şarj məntəqələrinin əlçatanlığından, elektrikli avtomobillərin qiymətindən və alıcıların tələbindən asılı olacaq. Buna görə də indidən bütün benzin və dizel avtomobillərinin dəyərdən düşəcəyini söyləmək əsaslı deyil".

Onun sözlərinə görə, vətəndaşlara 2035-ci il barədə verilən qərara görə avtomobillərini tələsik satmağı və ya dəyişməyi məsləhət görmür.

"Yeni avtomobil alarkən alış qiyməti ilə yanaşı, yanacaq və ya elektrik xərclərini, texniki xidməti, ehtiyat hissələrinin əlçatanlığını, sığortanı və gələcək satış dəyərini də nəzərə almaq lazımdır. Elektromobil seçənlər evdə və ya iş yerində şarj imkanını, gündəlik istifadə məsafəsini, batareyanın vəziyyətini, zəmanəti və servis xidmətini əvvəlcədən araşdırmalıdırlar. Nəqliyyatın elektrikləşdirilməsi və emissiyaların azaldılması istiqamətində addımların atılması mümkündür. Amma 2035-ci ilədək ölkədə bütün benzin və dizel avtomobillərinin istifadədən çıxarılması hazırkı məlumatlara əsasən real görünmür. Bunun üçün konkret qanunvericilik, uzunmüddətli təşviq mexanizmləri, ölkə üzrə geniş şarj şəbəkəsi, etibarlı elektrik təchizatı, servis və batareya emalı imkanları, həmçinin əhali üçün münasib qiymətli avtomobillər olmalıdır. Hazırda rəsmi hədəf avtomobillərin tam qadağan edilməsi deyil, ümumi emissiyaların azaldılmasıdır".

Beləliklə, daxiliyanma mühərrikli avtomobillərin kütləvi dəyərsizləşməsi gözlənilmir və vətəndaşların tələsik addımlar atmasına ehtiyac yoxdur.

FH
Fidan Hacızadə
Müxbir