Səhər yeməyinin ən sevilən təamlarından olan qayğanağı daha yumşaq və şirəli hazırlamaq üçün sadə bir üsul var. Bunun üçün tavaya az miqdarda su əlavə etmək kifayətdir.
Demokrat.az-ın məlumatına görə, İspaniyanın "elEconomista" nəşrində dərc olunan yazıda yumurtanı daha zərif hazırlamaq üçün bu üsul tövsiyə edilir. Ənənəvi qaydada yumurta yağda qızardılır və nəticədə ağı xırtıldayan qabıq alır. Lakin həddindən artıq yağdan istifadə yeməyin yağlılığını artırır.
Su əlavə etməklə yumurtanı daha az yağla bişirmək mümkündür. Tavanın qapağı örtüldükdə su buxarlanır və yaranan buxar yumurtanın üst hissəsinin də bişməsinə kömək edir. Beləliklə, yumurtanın ağı tam bişir, sarısı isə yumşaq və axıcı qalır.
Qayğanağı su ilə necə hazırlamaq olar?
Əvvəlcə tavanı orta odda qızdırın və bir çay qaşığı günəbaxan yağı əlavə edin. Yumurtanı tavaya sındıraraq ağının bərkiməyə başlaması üçün bir-iki dəqiqə gözləyin.
Daha sonra tavaya təxminən bir xörək qaşığı su tökün və dərhal qapağı örtün. Yumurtanı daha bir dəqiqə bişirin. Bu müddətdə yaranan buxar onun bərabər şəkildə hazırlanmasına kömək edəcək.
Hazır qayğanağı zövqə görə duz, istiot və təzə göyərti ilə süfrəyə vermək olar.
Mütəxəssislər bu üsulda temperaturun düzgün seçilməsinin də vacib olduğunu bildirirlər. Həddindən artıq yüksək istilik yumurtanın kənarlarının yanmasına, zəif istilik isə ağının tam bişməməsinə səbəb ola bilər. Buna görə orta oddan istifadə etmək tövsiyə olunur.
Jalə


