Bakıda kişi keçmiş arvadını bu söhbətə görə döydü — Təfərrüat

KRİMİNAL 06 yan 2022, 11:25
Bakının Yasamal rayonunda 1971-ci il təvəllüdlü Əsəd şəxsi münasibətlər zəminində keçmiş həyat yoldaşı Səidəyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən il sentyabrın 6-da baş verib. 

Əsəd həmin gün saat 19 radələrində yaşadıqları mənzildə birgə yaşadığı keçmiş arvadı Səidənin ona “salamat qayıtmayasan” fikrini bildirməsi səbəbindən aralarında mübahisə yaranıb. Mübahisə zamanı Əsəd keçmiş arvadının baş nahiyəsinə yumruq zərbəsi vurub. 

İstintaq orqanı tərəfindən Əsədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əsəd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Səidə ilə 2009-cu ildə rəsmi qaydada boşansa da, onunla birlikdə eyni ünvanda yaşayırlar: “Sentyabrın 5-də, səhər saatlarında işə gedərkən Səidə mənzilin qapısını bağlayıb. Bu zaman mənə “get salamat, qayıtmayasan” sözlərini dedi. Mən isə onun bu sözlərinə məhəl qoymayaraq işə getdim. Sentyabrın 6-da, saat 09.10-da işdən evə qayıtdım. Həmin gün saat təxminən 15-16 radələrində Səidə işdən evə gəldi. Bir müddət sonra Səidənin mənimlə kobud danışmasının səbəbini soruşdum. Bu sualıma cavab olaraq Səidə mənim tərəfimdən mütamadi olaraq atasının təhqir olunması ilə bağlı narazılığını bildirdi. Bununla da aramızda mübahisə yarandı”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, mübahisə zamanı əsəbiləşərək Səidənin baş nahiyəsinə yumruq vurub: “Bu zaman Səidə hamam otağına keçdi. Qapının kilidini bağlayaraq bu barədə polis əməkdaşlarına məlumat verdi”. 

Yasamal rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində ittiham edici hökm çıxarılmayıb. 

Buna səbəb Əsədin keçmiş arvadı ilə barışması, sonuncunun ondan şikayətçi olmaması olub. 

Məhkəmə Əsədin barəsində olan cinayət təqibinə xitam verib və o, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top