Brüssel görüşünün pərdəarxası — Qərb Azərbaycana nə təklif edir?

SİYASİ 17 dek 2021, 13:03
Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında görüşün keçirilməsi məzmun və forma baxımından Soçi görüşündən tamamilə fərqlənmiş oldu.

Əvvəla, bu görüş son bir ay ərzində İlham Əliyevlə Nikol Paşinyan arasında baş tutan ikinci görüş idi. Putinin iştirakı ilə Soçidə Əliyevlə Paşinyan arasında təkbətək görüş təşkil olunmamışdı, ancaq Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında təkbətək görüşü keçirildi. Real nəticələrin əldə olunması baxımından Əliyev-Paşinyan arasında təkbətək görüşün baş tutması olduqca vacib idi.

Digər tərəfdən, Brüssel görüşü ümumilikdə regionun “rus şineli”ndən xilası üçün verilən mühüm mesajlarla yadda qaldı. Regionun taleyini təkcə Rusiya həll etməlidirmi? Xeyr! Əgər Azərbaycanın qələbəsi ilə nəticələnən müharibə həm Rusiya, həm də Qərb üçün yeni iqtsiadi istiqamətlər formalaşdıra bilibsə, o zaman bütün proseslər təkcə Moskvanın iradəsi altında baş verməlidirmi? Təbii ki, xeyr! Bu baxımdan Brüssel görüşü Rusiya ilə bağlı “Qafqazdakı sahiblik” stereotiplərini də müəyyən qədər qırmış oldu.



NATO Azərbaycana nə təklif edir?

Brüssel görüşünü təkcə Aİ çərçivəsində şərh etmək doğru olmazdı, bu görüş həm də NATO-nun timsalında ABŞ-ın Cənubi Qafqazdakı iradəsini əks etdirirdi.

Birincisi, NATO-nun Baş katibi Y.Stolyenberqin İ.Əliyevlə görüşdən sonra “Cənubi Qafqazda təhlükəsizlik və sabitlik hamı üçün vacibdir” deməklə regionda baş verən proseslərin yalnız Rusiyanın iradəsi daxilində baş verməsinin yaxın gələcəkdə müsbət nəticələrə gətirib çıxarmayacağının mesajını verdi. NATO hesab edir ki, Azərbaycan 1994-cü ildən Alyansın “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulub və Azərbaycan bundan sonra da NATO ilə əməkdaşlıq çərçivəsində dünyada sülhün qorunması istiqamətində çox ciddi addımlara imza atmalıdır. Görüş zamanı Y.Stolyenberqin Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyasına görə İ.Əliyevə təşəkkür etməsini təkcə NATO mövqeyi kimi qiymətləndirmək doğru olmazdı. Azəbaycan sülhmramlıları Əfqanıstanı sonuncu tərk edən hərbçilər kimi hava limanından 120 mindən artıq insanın təxliyə edilməsində mühüm rol oynayıb. Alyans hesab edir ki, bu təşkilatın “Qafqazda iştirakının gücləndirilməsi yolları” yaxın gələcəyin prioritet məsələlərindən biri olmalıdır.

İkincisi, Cənubi Qafqazda Rusiyanın əhəmiyyətinin azaldılması təkcə NATO-nun maraqlarına daxil deyil, bu həm də region ölkələrinin müstəqil və qarşılıqlı əməkdaşlıq çərçivəsində inkişafı baxımından vacibdir.

Üçüncüsü, Qərbə, NATO-ya inteqrasiya baxımından Azərbaycanın imkanları və şansı daha böyükdür. Çünki NATO-nun əsas aparıcı üzvlərindən olan Türkiyə Azərbaycanla qardaş dövlətdir. Azərbaycan və Türkiyənin maraqları eynilik təşkil etdiyinə görə, deməli, ölkəmizlə NATO arasında paralel maraqların perspektivləri mümkün ola bilər.

Dördüncüsü, Rusiya Cənubi Qafqaz ölkələri üzərində sahiblik missiyasını daha da gücləndirməyə çalışırsa, Qərb bu ölkələrlə eyni hüquqlu tərəfdaş kimi davranmağın tərəfdarıdır. Ən azından Soçi və Brüssel görüşlərinin formatının müqayisəli təhlili bunu deməyə əsas verir.

Beşincisi, Putinin Azərbaycan və Ermənistana baxışı daha çox “çekist” yanaşmadır və bu, Rusiyanın keçmiş SSRİ-nin varisi olduğunu açıq büruzə verir. Rusiyanın Cənubi Qafqaz ölkələrinə baxışı dəyişməyib.



Ermənistanın güclənməsinin riskləri bəribaşdan nəzərə alınamlıdır...

Aİ Şurasının prezidenti Ş.Mişelin “Baş nazir Paşinyan və Prezident Əliyev 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanat çərçivəsində götürülmüş əsas öhdəliklərin yerinə yetiriləcəyini və noyabrın 26-da Soçidə əldə olunmuş razılaşmaların yerinə yetirilməli olduğunu” deməklə, Rusiyanın regiondakı əhəmiyyətini də xatırladır.

Görüşdə tərəflər arasında qarşılıqlılıq prinsipi əsasında dəmir yolu xətlərinin bərpasına dair işlərin davam etdirilməsi ilə bağlı razılıq əldə olunması Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması baxımından müsbət amildir. Ancaq dəmir yolunun çəkilməsi Ermənistan üçün yeni imkanlar yaradacaq və onun inkişafını səciyyələndirəcək.

Həmçinin, dəmir yolu Ermənistan İran və Rusiyaya çıxışını da təmin etmiş olacaq.

Heç şübhəsiz, Ermənistanla münasibətlərin normallaşdırılması vacib amildir, ancaq bunun riskləri də nəzərə alınamlıdır. Məsələn, Azərbaycanın yaratdığı imkanlar hesabına dirçələnən Ermənistan gələcəkdə işğalçılıq iddialarını reallaşdırmağa çalışmayacaqmı?

Problemin milli maraqlar çərçivəsində əsas çıxış yolu Ermənistanın zəif və gücsüz halda saxlanılması ola bilərdi. Ancaq təəssüf ki, regional və qlobal hadisələr, böyük dövlətlərin vasitəçiliyi tamamilə fərqli şərtləri diktə etmiş olur.



Balanslaşdırılmış özünü necə büruzə verir?

Brüssel görşündən öncə bəzi yerli siyasətçilər hesab edirdilər ki, bu görüş Azərbaycana açıq təzyiqlərlə nəticələnəcək. Ancaq biz fərqli mənzərənin şahidi olduq. İ.Əliyev Soçi görüşündəki əzmini, dövlətinin iradəsini Brüsseldə də nümayiş etdirdi.

Gələk əsas məsələyə... “Şərq Tərəfdaşlığı” Avropa İttifaqının altı  tərəfdaşının birgə əməkdaşlıq təşəbbüsü ilə yaradılmış formatdır. Buraya Azərbaycan, Moldova, Belarus, Ermənistan, Gürcüstan və Ukrayna daxildir. Son 15 ilin proseslərini təhlil etsək görərik ki, bu dövlətlər içərisində Azərbaycan yeganə dövlətdir ki, balaslaşdırılmış siyasət konsepsiyasını qura bilib. Bu ölkələrin apardığı birtərəfli siyasət onları zaman-zaman ağır dilemmalar qarşısında qoyub. Bu gün də bu ölkələrlə sabitlik əldə olunmayıb. Sonuncu olaraq Belarusda baş verənlər buna ciddi nümunə sayla bilər.

Ancaq Azərbaycan təkcə Rusiya ilə ABŞ arasında deyil, ümumən Şərqlə Qərb arasında mühüm coğrafiyaya çevrilməyi bacarıb. Heç bir dövlətin maraqlarının birtərəfli qaydada tətbiqi Azərbaycanın milli maraqlarını üstələyə bilməz. Bütün kənar təsirlər, başqa dövətlərdən gələn mənfi təmayüllərin vaxtında zərərsiz hala gətirilməsi Azərbaycanın balanslaşdırılmış siyasət qurmasının əsas elementlərindəndir.



Azərbaycan Brüsseldə hansı şərtləri qəbul edib, hansıları yox...?!

Dekabrın 16-da Brüssel şəhərində Şərq Tərəfdaşlığının 6-cı Zirvə toplantısı keçirilib və tədbirin yekununda birgə bəyannamə qəbul edilib. Aİ Azərbaycanın ərazi bütövlüyün dəstəkləyib. Bir çox məsələlərlə bağlı Azərbaycanla Aİ, “Şərq Tərəfdaşlığı” ölkələri arasında ümumi razılıq əldə olunub. Ancaq... Azərbaycanın qəbul etməydiyi məsələlər də oldu.

Məsələn, Birgə Bəyannamədə Belarusla bağlı əks olunmuş fikirlərin Azərbaycanın xarici siyasət prinsiplərinə uyğun olmaması səbəbindən Azərbaycan, Birgə Bəyannaməni öz qeyd-şərti ilə qəbul edib. Yəni, Azərbaycan Belarusla bağlı 11-ci bənddəki mövqeyi bölüşmədiyini bildirib. Ancaq hələ bununla bitmir.

Birgə Bəyannamədə bildirilir ki, “münaqişənin təsirinə məruz qalan ərazilər”lə bağlı olub. Belə ki, sənəddə bildirilir ki, Aİ paytaxtlardan kənarda, münaqişənin təsirinə məruz qalan ərazilərdə fəaliyyət göstərən təşkilatlara dəstək verəcək. Azərbaycan isə verdiyi qeyd-şərtdə həmin ərazilərdə fəaliyyətin ərazinin məxsus olduğu ölkənin müraciəti və razılığı ilə həyata keçirilməsinin zəruriliyini bildirib.

Qeyd edim ki, bir neçə gün əvvəl Avropa İttifaqı Rusiyanın “Vaqner” özəl hərbi təşkilatına sanksiya tətbiq edib. Avropa İttifaqının məhz belə bir ərəfədə “Vaqner”ə sanksiya tətbiq etməsi Rusiyanın Cənubi Qafqazda da sülh və təhlükəsizliyin yaradılması üçün yararlı olmadığının mesajıdır.

Qərb hesab edir ki, Rusiya Cənubi Qafqazda uzunmüddətli sülh və sabitlik yarada bilməz. Çünki Cənubi Qafqazda münaqişənin mövcudluğu və zaman-zaman xalqlararası münaqişələrin baş verməsi Rusiyanın maraqları daxilindədir. Eləcə də, Cənubi Qafqaz ölkələrinin müstəqil şəkildə inkişafı və regionda münaqişənin başa çatması Rusiyanın əhəmiyyətini azaltmış olur. II Dünya Müharibəsi zamanı Azərbaycanın 75 milyon ton nefti istismar olundu. SSRİ-nin qələbəsini şərtləndirən əsas amillərdən biri də Azərbaycan nefti idi. Böyük resurslara malik Azərbaycanı öz təsir dairəsində saxlamaq Rusiyanın əsas istəkləri sırasında ilk yerdə qərarlaşır. Ermənistan isə Rusiyaya regionda təxribatlar, işğalçı planlar və regionda “parçala, hökmranlıq et” siyasəti üçün vacib kartdır.

Azərbaycan bundan sonra da özünün balanslaşdırılmış siyasətinin mexanizmlərini genişləndirməli, bu siyasətin bünövrəsini möhkəmləndirməli və Birgə Bəyannamədə qeyd olunduğu kimi, konstruktiv əməkdaşlığa söykənməli, heç kimə qarşı yönəlməməlidir. Qoşulmama Hərəkatına rəhbərlik Azərbaycanın bu istiqamətdəki imkanlarını artırmaq üçün vacib amillərdən biridir.

Qərb hesab edir ki, Azərbaycan kimi zəngin və qalib ölkə mütləq şəkildə Qərb ölkələri ilə dərin əməkdaşlıq qurmalıdır.

Hazırda Ermənistanın əsas dəstəkçisi Fransa prezidenti E.Makronun Əliyev və Paşinyanla görüşü Brüssel səfərinin əhəmiyyətini daha da artırdı. Makron başa düşür ki, Ermənistanı müdafiə etməklə Fransanın Qafqazdakı maraqlarını qoruya bilməyəcək.

Samir Feyruzov
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top