“Zəfər paradımız bizim uğurların dünyaya bəyanı, bölgədə işğal və təcavüzə son qoyulmasının rəmzidir”

GÜNDƏM 10 dek 2021, 19:34
“Zəfər paradı Azərbaycan tarixində xüsusi önəmi olan səhifədir və yalnız dövlətimizin hərbi-siyasi qələbəsini yox, bütövlükdə, beynəlxalq hüququn təntənəsini ifadə edir. Kimin qəbul edib-etməməsindən asılı olmayaraq, bu tarix 30 il minimum hüquq və azadlıqlarından məhrum olunmuş 1 milyondan artıq insanın hüquqlarının bərpa olunması, insan haqları adına vacib göstəricidir”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Millət vəkili qeyd edib ki, 27 il BMT Təhlükəsizlik Şurasının qətnamələri başda olmaqla, onlarla beynəlxalq sənəd icrasız qalmışdır:

“Bu istiqamətdə ümumiyyətlə, icra mexanizmlərinin olmaması, yaxud da ikili standartların hökm sürməsi şəraitində Azərbaycan öz gücü hesabına ədaləti bərpa etdi. Təbii ki, bu, ölkəmiz üçün hadisədir. Biz son qoyulmuş pozuntuların kəmiyyəti və həcminə diqqət etsək, yaxın tarixdə heç bir analoji hadisə göstərə bilmərik ki, işğal, təcavüz və kütləvi hüquq pozuntusuna rast gəlsin. Lakin Azərbaycan beynəlxalq hüququn prinsiplərinin tapdanmasına baxmayaraq, təkbaşına bu işğala son qoydu. Bu mənada Zəfər paradımız bizim uğurların dünyaya bəyanı, bölgədə işğal və təcavüzə son qoyulmasının rəmzidir. Həmçinin güclü Azərbaycanın bölgədə sülh və əməkdaşlıq mühitinin qarantına çevrilməsinin təntənəli bəyanıdır. Bu, unikal hadisədir və işğala, təcavüzə son qoyulması bizi vətəndaş olaraq nə qədər sevindirirsə, dövlətimiz adına bu beynəlxalq hüquqa verilən töhfə də bir o qədər bizlərdə qürur yaradır”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top