Lökbatanda MKİ rəhbəri "makler"lik edir? — Özündən açıqlama (Gizli çəkiliş)

GÜNDƏM 17 sentyabr 2026, 12:20
Lökbatan qəsəbəsində Dadaş Bünyadzadə küçəsində evlərin sökülməsi və həmin ərazilərdə yaşayan sakinlərə kompensasiya ödənilməsi ilə bağlı narazılıq yaranıb. Sakinlərin sözlərinə görə, ərazidə tikinti işləri aparılır və bu proses çərçivəsində bəzi evlərin sökülməsi gündəmdədir. Bu isə onların həm kompensasiya, həm də mənzillərinin gələcək taleyi ilə bağlı narahatlığına səbəb olub.

Sakinlər Demokrat.az-a müraciət edərək 150 saylı Mənzil-Kommunal İstismar İdarəsinin rəhbəri Mahmudov Misirin davranışından xüsusilə şikayətləniblər. Onların sözlərinə görə, idarə rəhbəri vətəndaşlarla danışarkən aqressiv münasibət göstərib və evlərin “buldozerlə sökdürüləcəyi” ilə bağlı ifadələr işlədib.

Bundan başqa, vətəndaşlar Mahmudov Misirin tikinti aparan şəxslərlə yaxın münasibətdə olduğunu və onların maraqlarını müdafiə etdiyini söyləyiblər. Onların iddiasına görə, idarə rəhbəri hətta özünü həmin şəxslərin nümayəndəsi kimi təqdim edib.

Şikayətçilərin sözlərinə görə, sökülməsi nəzərdə tutulan evlərə görə kompensasiya ödənilməsi ilə bağlı da problemlər yaşanır. Onlar bu prosesə maneçilik törədildiyini bildirərək aidiyyəti qurumların məsələni araşdırmasını istəyirlər.

Vətəndaşlar evlərin sökülməsi və kompensasiya prosesinin hüquqi əsaslarının açıqlanmasını, həmçinin 150 saylı Mənzil-Kommunal İstismar İdarəsinin rəhbərinin səsləndirilən iddialara münasibət bildirməsini tələb edirlər.

Məsələ ilə bağlı sözügedən idarənin rəhbəri Misir Mahmudovun mövqeyini öyrəndik.

O, səsləndirilən iddialarla bağlı qeyd edib ki, sözügedən hadisə təxminən bir il əvvəl baş verib və onun bu prosesdə hər hansı rolu olmayıb.

Onun sözlərinə görə, həmin ərazidə vaxtilə Füzuli rayonundan olan məcburi köçkünlər məskunlaşıblar:

“Daha sonra həmin şəxslər evlərini alaraq ərazidən köçüblər. Ərazi şirkət tərəfindən alındıqdan sonra isə bəzi şəxslər şirkətin onlara kompensasiya ödəməli olduğunu iddia ediblər.

Mənim kompensasiya məsələsinə aidiyyətim yoxdur. Mən pul verənəm, mən pul alanam, adam köçürdənəm?

Orada yerləşən bəzi iki mərtəbəli binalar 150 saylı Mənzil-Kommunal İstismar İdarəsinin balansındadır. Lakin məcburi köçkünlərin vaxtilə məskunlaşdığı sanatoriya idarənin balansında deyil və həmin məsələlərə qarışmırıq.

Müxtəlif dövlət qurumlarına müraciətlər edilib və onlar Qaradağ Rayon İcra Hakimiyyətinə göndərilib. İcra Hakimiyyəti şirkətin nümayəndələri ilə birlikdə məsələyə baxıb və müraciətlərə cavab verib”, - deyə Misir Mahmudov fikrini yekunlaşdırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top