“Məşuqələrinə milyonlar xərcləyirlər, amma qaziyə kömək edən yoxdur...”

GÜNDƏM 23 noy 2021, 15:52
“Həbs edilən icra başçılarının mənimsədikləri mülkləri əllərindən alınıb dövlətin büdcəsinə keçirilibsə, bu onlar üçün ən böyük cəzadır. Ona bundan sonra neçə il iş verilməsinin fərqi yoxdur. Dəfələrlə demişəm ki, həmin məmurların dövlətdən taladıqları sərvətləri dövlətin büdcəsinə keçirilməlidir. Onda başa düşərlər ki, dövlətdən, xalqdan oğurluq etmək nə deməkdir. Bir sözlə, rüşvətxorluq aradan götürülməlidir, vəzifəyə təmiz insanlar gəlməlidir. Ölkə düzəlməlidir, başqa yolumuz yoxdur”.
 
Bunu Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov deyib. O, rüşvətin aradan götürülməsinin vacib olduğunu bildirib:
 
“Hər adamı vəzifəyə təyin etməzlər. Bu adam təmizdirsə, safdırsa, ona etibar etmək olar. Dövlətin hüquq-mühafizə orqanları, Dövlət Təhlükəsizlik Xidməti var və onlar yaxşı bilirlər hansı məmur necə işləyir. Bu istiqamətdə iş aparılarsa, ölkə düzələcək. Söhbət ondan gedir ki, məmurlar pullarını qutulara yığıb saxlayırlar və pul dövr etmir. Bizim büdcəmiz illərdir ki, artmır, belə şey olmaz axı. Pul dövriyyəyə getmirsə, dövətin inkişafı olmur. Bir çox məmurlar pullarını xaricə daşıyırlar və orda banklara qoyurlar”. 
 
O deyib ki, korrupsiyayla mübarizədə jurnalistlərin də üzərinə böyük məsuliyyət düşür:
 
“Bu işdə jurnalistlərimizin də üzərinə böyük məsuliyyət düşür. Açığını deyim ki, bir çoxu qorxur, satılıb, pulunu alıb tərif yazır. Ölkəni düzəltmək üçün jurnalistin yazdıqları da əsas rol oynamalıdır”. 
 
R.Mahmudov iş adamlarımızın da şəhid ailələrinə və qazilərimizə kömək etməsinin vacib olduğunu bildirib:
 
“Müharibəyə gedib əlini-ayağını itirən qazilərimizi incidirlər. Onlar da intihara cəhd edirlər, məmurların özbaşınalığından bezirlər. Bu isə düz deyil. Bütün bunların hamısını da dövlətin üstünə yıxmaq olmaz. Bizim cəmiyyətimiz düzəlməlidir. O həbs edilən icra başçılarına desən ki, yığdığın sərvətlərdən qaziyə kömək et, etməyəcək. Bizim imkanlı iş adamlarımız var ki, milyardlarla pulları var, məşuqələrinə hər şey edirlər, amma qaziyə kömək edən yoxdur. Bu insanlar bizə görə vuruşub, qan töküb, bizim onlara can, qan borcumuz var və bunu ödəmək lazımdır. Mənə elə gəlir ki, iş adamlarımız da şəhid və qazi ailələrimizə kömək etməlidir. Sanki bunu qəsdən edirlər ki, insanlarımız dövlətdən narazı qalsın”. 
 
R.Mahmudov sağlam gənclik yetişdirmək üçün dövlət tərəfindən uşaqpullarının verilməsini də təklif edib:
 
“Dövlətimiz uşaqpulu verməlidir. Uşaq sağlam yesə, qidalansa, yaxşı olar. O, sabahın əsgəridir. Müharibəyə gedənlər də kasıb ailələrin övladları idi. Hər bir yerdə şəhid ailələrimizi, qazilərimizi əziz tutmalıyıq. Bütün bunları dövlət edəcəksə, onda yerlərə təyin olunan məmurlar nə üçündür?! Onlar bilməlidirlər ki, özlərinin və ailələrinin yaşamasını təmin edən bizim o əsgərlərimiz idi”. 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top