Qusarda əri tərəfindən döyülən 4 uşaq anası DİN-ə şikayət etdi — Təfərrüat

KRİMİNAL 22 noy 2021, 15:09
Qusar rayonunda 1975-ci il təvəllüdlü Fərman ailə münaqişəsi zəminində keçmiş həyat yoldaşı Lətifəyə  (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilıin sentyabrın 17-də, səhər saat 08 radələrində baş verib. Həmin vaxt Fərman yaşadığı evdə aralarında yaranmış mübahisə zamanı Lətifəni yumruqla sifət nahiyəsinə vurub. 

İstintaq orqanı tərəfindən Fərmanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Lətifə onun arvadı olub: “2005-ci ildə Lətifə ilə ailə həyatı qurmuşam, birgə nikahəmızdan 4 uşağımız olub. Ailə münsibətlərimiz pozulduğu üçün aramızda olan nikah 2018-ci ildə Quba rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulub. Lakin, uşaqlara görə ailəmdən ayrılmamışam, qeyri rəsmi olaraq Lətifə ilə bir yerdə yaşamışıq”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, sentyabrın 17-də, saat 08 radələrində kirayədə yaşadıqları evdə çay içmək istəyib: “Lakin çay qurtardığından Lətifəyə öz iradımı bildirdim. Buna görə də aramızda mübahisə yarandı. Mübahisə vaxtı əsəbləşərək Lətifəni bir dəfə yumruqla sifətindən vurdum”. 

Fərman qeyd edib ki, bu hadisədən sonra Lətifə Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə zəng edib və baş vermiş hadisə barədə məlumat verib: “Bir müddətdən sonra polis əməkdaşları gəldi, məni şöbəyə apardılar. Daha sonra təhqiqata cəlb olundum”. 

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Lətifənin sözlərinə görə, sentyabrın 17-də, saat 08 radələrində Fərman işə getmək üçün hazırlaşıb: “Fərman çay içmək istədikdə çay qurtardığına görə aramızda ərzaq üstündə mübahisə yarandı. Mübahisə vaxtı Fərman mənim boğazımdan sıxdı və bir dəfə yumruq zərbəsi ilə sifətimdən vurdu”. 

Lətifə ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışdığını, ondan şikayətçi olmadığını bildirib. 

Bu cinayət işinə Qusar rayon Məhkəməsində baxılıb. 

Hakim Adil Vəliyevin sədrliyi ilə baş tutan iclasda hökm elan edilib. Hökmə əsasən, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin barışması nəzərə alınıb. 

Bu səbəbdən Fərmanın barəsində olan cinayət təqibinə xitam verilib və cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 apr 2024, 08:29
Top